Azərbaycanlıların orda qayıdıb yaşaması məsələsi Ermənistan-Azərbaycan sülh müqaviləsinin gündəliyinə daxil ediləcək məsələdir - ÖZƏL

"1947-ci il 23 dekabrda SSRİ Nazirlər Sovetinin qərarı və Ermənistan ərazisində olan azərbaycanlıların Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi prosesi başladı və bu proses 1948-1953-cü illər ərzində davam etdi. Təqribən 150.000, bəlkə də daha çox əhalinin köçürülməsi prosesi getdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Əlbəttə ki, bu hadisələr dayanmadı. Zaman-zaman ermənilərin azərbaycanlıları sıxışdırması və qətllər törətməsi nəticəsində əhali ordan çıxmağa başladı. Ən son nöqtəsi isə 1988-1989-cu illərdə bu proses baş verdi və azərbaycanlılar öz doğma yurd-yuvalarından qaçqın düşdülər. Həmin 80-ci illərin sonlarında təqribən 250.000 nəfər adam deportasiya edildi, yəni, qaçqın vəziyyətinə gətirildi.
Əlbəttə ki, bununla bağlı hüquqi bir sənədin imzalanması məhz ümummilli lider Heydər Əliyevin dövrünə, yəni, 1997-ci ilin dekabrına təsadüf elədi və 1948-1953-cü illərdə ordan qovulan azərbaycanlılar ilə bağlı bir fərman imzalandı.
Əlbəttə, bunların hər biri göz önündədir və proses o dərəcə davam elədi ki, Ermənistan SSRİ ərazisindən ümumilikdə götürəndə bir milyona yaxın insan ordan qaçqın halında gətirildi.
Tarixi abidələrimiz, şəhərlər dağıdıldı, toponimlərin adları dəyişdirilməyə başladı, insanlara qarşı kütləvi qətllər törədildi və bu proses sürətli bir şəkildə davam edirdi. Hətta müəyyən hesablamalara görə 1980-ci illərin sonlarında Ermənistan ərazisindən çıxan əhalinin yaşadığı ərazilər təqribən Ermənistanın 25-30%-ə qədərini təşkil edir. Bu da xüsusi önəmli məsələdir.
Düşünürəm ki, bunların hamısı 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan icmasının binasına səfər edən zaman orada irəli sürülən konsepsiya əsasında araşdırılacaq, hüquqi bir qiymət veriləcək və düşünürəm ki, bütün Azərbaycan əraziləri, toponimləri xüsusilə qeydə alınacaq. Azərbaycanlıların orda qayıdıb yaşaması məsələsi də elə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin gündəliyinə daxil ediləcək məsələdir.
Ümumiyyətlə götürdükdə isə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər təkcə elə Ermənistan ərazisində deyil, həm də 1918-ci ildə Bakıda və digır bölgələrdə baş vermişdir. Amma ən çox Qərbi Azərbaycana, azərbaycanlıların dədə-baba torpaqları olan Göyçədə, Zəngəzurda, İrəvanda və digər bölgələrdə baş vermişdir.
Mən hesab edirəm ki, bu cür təcavüz halları o yerə gəlib çıxmışdır ki, məhz azərbaycanlılar demək olar ki, qərb bölgəsində 1990-cı illərin əvvəllərində artıq tamamilə yığışdırıldı, çıxarıldı və hər biri Azərbaycan ərazisinə köçürüldü, Bakıda, Gəncədə və digər şəhər və rayonlarımızda məskunlaşdırıldı.
Düşünürəm ki, bu işdə də əlbəttə ki, ermənilərə Sovet Rusiyası və SSRI-nin çox böyük dəstəyi oldu və bu əslində azərbaycanlılara qarşı bir soyqırım siyasətinin tərkib hissələrindən biri idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31