Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara Yerevana təzyiq edə bilər- ÖZƏL

Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq Ermənistan və Rusiya tərəfi geri addım atmır. Bu, onu göstərir ki, Rusiya separatizmin inkişafında maraqlıdır və Azərbaycanın etnik ermeniler üzərində suverenliyinə imkan vermək istəmir. "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ermənistan da öz qanunsuz silahlılarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil: "Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki, o maşınlarda silah-sursat daşınır. Sülhməramlıların Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifələri var".
"Tez-tez maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır" deyən politoloq bildirib ki, Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli, ekoloji postu təsis etməlidir: "Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton prosesi aparmaqda və sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə, V. Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da prosesin dalanda qalması maraqlarına cavab verir. Brüssel formatına gəldikdə, burada əsas pozuculuğu Fransa edir. Yalnız ABŞ prosesi apara bilər". 
Sədr müavini vurğulayıb ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara Yerevana təzyiq edə bilər: "2023-cu il may ayına kimi Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması istiqamətində müsbət nəticə olmayacaq. Əgər Türkiyədə cənab Ərdoğan seçkilərdə qələbə qazanarsa Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31