"Üçtərəfli zirvə görüşü ölkələrin bir-birinə yaxınlaşmasına şərait yaradacaq"- ÖZƏL

"Cari ilin dekabr ayının 14-də Türkmənistanda keçirilən üçtərəfli zirvə görüşünü Türk Dövlətləri təşkilatının yeni bir layihəsi adlandırmaq olar. Çünki, xüsusilə, ötən il Şuşa bəyənnaməsindən sonra Azərbaycan-Türkiyə münasibətlərini daha yüksək səviyyəyə çatdı. Bizim Türkmənistanla daha öncə də bəyənnaməmiz olub. Ancaq, Azərbaycanın Türkiyə ilə münasibətləri Türkmənistandan daha "istidir". Bu, üçtərəfli zirvə görüşü ölkələrin bir-birinə daha da yaxınlaşmasına şərait yaradacaq. Çünki, burada kifayət qədər yaxın münasibət formalaşdı. Həmin görüşdə Azərbaycan Prezidenti Azərbaycan-Türkiyə məsələlərinə toxundu. Bildirdi ki, 2022-ci ilin 10 ayı ərzində Türkiyə ilə ticarət dövriyyəsi 45% artıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollar, Türkiyə isə 14 milyard dollara yaxın sərmaye qoyub".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Prezident eyni zamanda qeyd etdi ki, Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artıb. Hər üç ölkənin əsas məqsədi müasir tələblərə cavab verən infrastrukturun yaradılmasıdır. Azərbaycanın bu sahədə təcrübəsi kifayət qədərdir. Prezident qeyd etdi ki, bu ilin 10 ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit daşımaları 80% artıb. 10 ay ərzindən bir ölkənin ərazisindən keçən tranzit daşımaların bu qədər artması ciddi göstəricidir. Eyni zamanda Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı layihəsi var. Ermənistan və dəstəkləyiciləri istəməsə də, biz bunu həyata keçirəcəyik. Azərbaycan bu sahədə də işlər görüb. Dəmiryol xəttinin 40, avtomobil yolunun 70 faizi hazırdır. Azərbaycan hazırda bölgənin mülki təyyarələri, dəniz daşımaları ilə lider ölkəsinə çevrilib.

Türkmənbaşında keçirilən görüşdə imzalanan beş sənəd çox ciddi sənədlərdir. Birincisi ticarət-iqtisadiyyat əməkdaşlığı haqqında saziş, ikincisi 2023-2025-ci illərdə elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığa dair çərçivə proqramı, üçüncü gömrük əməkdaşlığına dair birgə məşvərət komissiyasının yaradılması haqqında hökümətlərarası memorandum, energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı memorandum, nəqliyyat sahəsində də qurumlararası memorandumdur. Bunlar o deməkdir ki, yaxın zaman kəsiyi ərzində Azərbaycan-Türkiyə və Türkmənistan arasında ticari, elmi, mədəni sahədə əməkdaşlıq inkişaf etdiriləcək. Görüşün türk dövlətlərinin gələcək talehində mühüm rol oynayacağına inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31