Bu gün davam edən etiraz aksiyası növbəti aksiyaların anonsudur - ÖZƏL
15 Dekabr 2022 13:03 Siyasət"Azərbaycanın Qeyri Hökümət Тəşkilatlarını, ekoaktivistlərinin, eləcə də, geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuşa-Laçın yolunda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qanunsuz iqtisadi fəaliyyətin və təbii sərvətlərimizin qanunsuz istismarına qarşı qanunazidd davranışlarına etiraz olaraq keçirdikləri aksiya dördüncü gündür ki, davam edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Hesab edirəm ki, Azərbaycan aktivistərinin keçirdikləri bu aksiya çox ciddi və mühüm bir neçə nəticələrlə yadda qalacaqdır. Düşünürəm ki, bu aksiya artıq özünün ciddi nəticələrini doğurmaqdadır.
Birincisi, artıq Xankəndidə, Xocalıda, Əsgəranda, digər yaşayış bölgələrində Rusiya sülhməramlı qüvvələrinə arxayın olaraq onların bölgədə müvəqqəti deyil, davamlı olacağını güman edərək yeridilmiş separatçı qüvvələr də başda olmaqla, bölgəni Azərbaycanın daxili əraziləri kimi qəbul etmək istəməyən bir çox güclər, qüvvələr baş verən hadisələrdən, aksiyadan o nəticəni çıxartdılar ki, Azərbaycan xalqının, dövlətinin öz ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda apardığı mübarizənin qarşısında dayan biləcək heç bir güc, qüvvə mövcud deyil və olmayacaq. Onlar üçün bir daha aydın oldu ki, Rusiya sülhməramlı qüvvələrinə arxayın olaraq rahat şəkildə istədiklərini, qanunazidd davranışlarını davam etdirə bilməyəcəklər.
İkinci mühüm nəticə ondan ibarətdir ki, Ermənistan və eləcə də Ermənistanın havadarları üçün aydın oldu ki, beynəlxalq güclərin Azərbaycanın iradəsinə, Azərbaycan xalqının ərazi bütövlüyü, dövlət suverenliyi, Qarabağ torpaqları ilə bağlı düşüncələrinə, istəklərinə, planlarına qarşı heç bir təsir edə bilməyəcək. Məhz Rusiya Prezidenti Vladimir Putinin aksiyanın keçirilməyə başladığı gün Azərbaycan Prezidenti ilə telefon danışıqları aparması və çox böyük ehtimalla bu aksiyanın dayandırılması ilə bağlı xahişlərinə baxmayaraq, Azərbaycan xalqının etiraz aksiyasının davam etdirilməsi, daha da genişlənməsi onu göstərir ki, bəli, Ermənistan və onun havadarları kiməsə, hansısa qüvvəyə arxalanaraq Azərbaycan iradəsinə təsir edə bilməyəcəklərini bir daha gördülər.
Üçüncü böyük nəticə ondan ibarətdir ki, bütün güclər, xüsusilə də Cənub və Şimal qonşumuz bölgədə separatizmin qorunub saxlanılmasında çox mühüm və beynəlxalq hüququn prinsiplərinə zidd əməllərə imza atan İran, Rusiya kimi dövlətlər bölgədə separatizmin qorunub saxlanmasının düşündükləri qədər asan olmayacaqlarını və Azərbaycanda qısa müddət ərzində bölgədə bütün proseslərə təsir imkanlarını ələ keçirəcəyini gördülər.
Eyni zamanda, mən hesab edirəm ki, burda mühüm dördüncü nəticə müxtəlif platformalardan Azərbaycana təzyiq aləti kimi istifadə etməyə çalışan bir sıra paytaxtlar, məsələn, rəsmi Paris, Cənubi Qafqazdakı proseslərə daxil olmaq üçün alternativ yollar axtaran həmin qüvvələr Cənubi Qafqazdakı bütün proseslərin məhz Azərbaycan xalqının və Azərbaycan dövlətinin istəyindən, iradəsindən asılı olduğunu bir daha gördülər. Cənubi Qafqazda baş verən proseslərdə iştirakçıya çevrilmək üçün yeganə yolun məhz Azərbaycanla razılaşmaların, Azərbaycanın maraqlarına uyğun davranışlar nümayiş etdirməyin senatın alt palatasında qəbul edilən sərsəm, mənasız bəyanatın qəbul edilməsinə baxmayaraq Azərbaycanın bir addım olsun belə geri, öz prinsiplərindən geri çəkilmədiyini bir daha gördülər. Nəinki belə sərsəm bəyanatların, hətta qanunsuz davranışlara qarşı Azərbaycan xalqının nümayiş etdirdiyi iradə göstərdi ki, bəli, Azərbaycan bölgənin sahibidir, Azərbaycan bölgədə söz sahibidir, Azərbaycan bölgədə baş verən proseslərin avanqardıdır, idarəedicisidir və yalnız Azərbaycanla razılaşmağla bu proseslərdə iştirak etmək mümkündür.
Mən hesab edirəm ki, digər mühüm nəticə Rusiya sülhməramlı qüvvələrinin yarıtmaz fəaliyyəti ilə bağlı mövcud Azərbaycan tərəfinin bu günə qədər səsləndirdiyimiz fikirlərin artıq beynəlxalq müstəvidə də qəbul edilməsi ilə bağlıdır. Artıq bütün dünyanın gözü qarşısında Laçın yolunu bağlayan qüvvənin mövcud vəziyyətdən istifadə edərək məhz Rusiya sülhməramlı qüvvələrinin olduğunu və bu qüvvələrin heç bir halda sülhməramlı missiyasına uyğun davranışlar nümayiş etdirmədiyini biz dünyanın gözü qarşısında bir daha nümayiş etdirə bildik və burada əldə olunan bir qədər irəliyə əsaslanan mühüm nəticələrindən biri ondan ibarətdir ki, monitorinq mərkəzində birgə fəaliyyət göstərən Rusiya-Türkiyə hərbçilərinin bölgədə də, ərazidə də birgə fəaliyyətini zərurətə çevirir. Yəni, artıq bu proseslər onu göstərdi ki, Rusiya silahlı qüvvələri bölgədə tək başına patrul xidmətini həyata keçirə bilməyəcəklər və keçirməkləri onların sülhü qoruyub, saxlama missiyasına xidmət etmir. Bundan sonra hesab edirəm ki, Azərbaycanın bir vətəndaş, xalq olaraq ən mühüm tələblərimizdən biri Türkiyə silahlı qüvvələrinin rus əsgərləri ilə birgə bölgədə, ərazidə patrul xidmətini həyata keçirməsidir və mən hesab edirəm ki, bu hadisələrlə, bu aksiya ilə qarşıdakı dövrdə səsləndirəcəyimiz türk əsgərlərinin sahədə sülh yaratmaq missiyasında iştiraka cəlb edilməsi tələbini daha da reallaşdırmış olduq. Hesab edirəm ki, qısa müddət ərzində Türkiyə ordusunun nümayəndələrinin rus əsgərləri ilə birgə bu proseslərdə iştirakı bölgədə separatizmin, sülhməramlı qüvvələr tərəfindən həyata keçirilən özbaşınalıqların qarşısını birmənalı şəkildə alacaqdır, bölgədə kövrək sülhün möhkəmləndirilməsinə xidmət edən uğurlu nəticələr əldə olunacaqdır, eyni zamanda, erməni dinc sakinləri ilə azərbaycanlılar arasında ünsiyyətin qurulması, birgə yaşayış mühitinin formalaşdırılması istiqamətində uğurlu nəticələr əldə oluna bilər.
Buna görə hesab edirəm ki, bu aksiya çox uğurlu, zamanında atılmış bir addımdır, Azərbaycan cəmiyyətinin, xalqının iradəsini özündə əks etdirən bir davranışdır. Mən buna əminəm ki, Azərbaycan xalqı bütünlüklə iki gecəni Laçın yolunda keçirmiş kimi hiss edir və bizim hər birimizin on milyonluq, əlli milyonluq dünya azərbaycanlılarının hamısının ürəyi Laçın yolunda xalqımızın etirazını nümayiş elətdirən gənclərlə birgə olduğunu bəyan edib, ürəyimiz, qəlbimiz onlarla bir döyünür.
Bir məsələni də qeyd etmək istəyirəm ki, bölgədə sülh yaratmaq, sülhü qoruyub saxlamaq əvəzinə separatizmin dəstəklənməsinə xidmət edən Rusiya sülhməramlı qüvvələri, eləcə də, Xankəndidə, Əsgəranda, Xocalıda rus hərbi kontingentinin dəstəyinə əsaslanaraq İran kimi riyakar dövlətlərin qaranlıq yardımına əsaslanaraq mövcudluğunu qoruyub saxlayan separatçı qüvvələr bilməlidirlər ki, günün birində, hansı ki, bu gün uzaqda deyil, Xankəndidə yaşamış Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məskənlərimizdən olan keçmiş məcburi köçkünlərimiz, politoloqlar, alimlər bir gün Şuşadan əliyalın, piyada Xankəndinə yürüş edəcəyik və buna hazır olmalıdırlar. Mən əminəm ki, yüzminlərin iştirak edəcəyi həmin yürüşün qarşısında dayana biləcək heç bir güc olmayacaqdır və həm separatçılar, həm də onların dəstəkçiləri görəcəklər ki, Azərbaycan xalqı bir qarış torpağının da, bir qram təbii sərvətinin də qanunsuz istismarına və işğal altında Azərbaycan dövlətinin müvafiq qurumlarının suveren hüquqlarının təmin edilməsinin qarşısının almaq istiqamətində heç bir addım ata bilməyəcəklər və xalqımız bunun qarşısını həmin yürüşlə son olaraq yekunlaşdıracaqdır. Bu gün davam edən etiraz aksiyası növbəti aksiyaların, yürüşlərin anonsudur və bölgədə qanunsuz fəaliyyətlə məşğul olmağı planlaşdıran hər bir tərəf bundan nəticə çıxarmalıdır".