Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi

Bu bir danılmaz faktdır ki, Azərbaycanın bu günkü inkişafı və tərəqqisində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə demək mümkünsə ölkəmizin günümüzdəki inkişafının təməli 1969-cu il, 14 iyul tarixində qoyulub.

Hüquqşünas Əli İbrahimov da deyir ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır.  Onun sözlərinə görə, bu mənada  Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır: "Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı".

Əli İbrahimov qeyd edib ki, müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi: "Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi".

Onun sözlərinə görə, Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert qeyd edir ki, həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur". Faktdır ki, 1969-cu ilədək bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmırdı. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə bir milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırıb və Bakıdakı bütün neft-ayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, çox sayda yenisinin tikilməsinə nail olub. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılıb, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb".

Əli İbrahimov bildirib ki, ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: "Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi". 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı ön planda olub. Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb".

Natiq onu da diqqətə çatdırıb ki, Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub: "Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31