Sentyabrın 20-də ölkəmizin suverenliyi tam bərpa olunub- ÖZƏL
11:06 Siyasət"Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mahiyyəti bütöv bir mərhələnin yekununu və yeni dövrün başlanğıcını ifadə edir. 20 sentyabr da məhz belə əlamətdar tarixlərdən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, Qarabağda yeni həyatın başlanmasının rəmzi məna daşıyan günlərindən biri kimi xarakterizə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "20 sentyabrın tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, o, 2020-ci ilin Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı olub. 44 günlük müharibə nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edilib. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub, separatçı rejim süqut edib və sentyabrın 20-də ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa olunub. Azərbaycan dövləti öz ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə tam təmin etməklə yanaşı, Qarabağın gələcək inkişafı üçün də yeni mərhələnin əsasını qoyub.
Bu tarixi prosesin ən yaddaqalan anlarından biri 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: "Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".