Avropa Parlamentinin qətnaməsi hüquqi mahiyyət daşımır

Sahibə Qafarova: “Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu və fəaliyyəti yüksək qiymətləndirilir”

"Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb olan uydurma qətnamə ölkəmizlə Avroparlament arasında münasibətlərin səviyyəsinə və ruhuna uyğun olmadığı kimi, təşkilatın özünün də rəhbər tutduğu kriteriyalarla daban-dabana ziddir". Bunu deyən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarovanın sözlərinə görə,  bu gün Avropa ölkələrində ciddi insan hüquq pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər.Onun sözlərinə görə, məhz Avropanın bir çox ölkəsində başlanan sosial etiraz dalğaları daha da kəskinləşməkdədir."Müxtəlif ziddiyyətlərlə müşayiət olunan etiraz dalğaları çərçivəsində asayiş qoruyucuları ilə vətəndaşlar arasında kəskin qarşıdurmalar baş verməkdə və ciddi tələfatlar qeydə alınmaqdadır.Amma çox təəssüf ki, Azərbaycana münasibətdə tələm-tələsik toplantı keçirərək, qondarma bir sənəd qəbul etmək ehtiyacı hiss edən həmin parlamentarilər Böyük Britaniyada, Almaniya, Portuqaliya, Yunanıstan, İspaniya və avrozonaya daxil olan digər ölkələrdə polisin vətəndaşlara qarşı güc tətbiq etməsi, ciddi xəsarət və tələfatların qeydə alınması hallarını sadəcə müşahidə etməklə kifayətlənirlər.Azərbaycan 20 ildən artıqdır ki, işğala məruz qalıb, torpaqları bu gün də qonşu dövlət - Ermənistan tərəfindən işğal altında saxlanılır. Azərbaycan Avropada işğala məruz qalmış torpaqları işğal altında olan yeganə dövlət, Ermənistan isə işğalçılıq siyasətini davam etdirən yeganə dövlətdir. Ermənistanda seçkilər ərəfəsində namizədə qarşı sui-qəsd olur, amma Avropa Parlamenti "eşitmirəm", "duymuram", "görmürəm" oyunu oynayır. Səbəbi hamıza bəllidir, kiməsə xoş görünmək, onlardan hansısa formada dəstək almaq bəzi siyasətçilər üçün demokratik dəyərlərdən daha vacibdir".  S.Qafarova qeyd edib ki, Azərbaycan dövlətinin son illərdə əldə etdiyi böyük nailiyyətlər, iqtisadiyyatın inkişaf etdirilməsi, sosial-humanitar sahədə görülən işlər, insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin xarici əlaqələrinin gücləndirilməsinə də əsası ilə şərait yaradıb:"Bu gün Azərbaycan istər xarici dövlətlərlə, istərsə də beynəlxalq təşkilatlarla kifayət qədər effektiv və qarşılıqlı maraqlara söykənən mütərəqqi əlaqələr qurubdur. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqdir və ölkəmizdə demokratik dəyər və normaların, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox geniş islahatlar reallaşdırılır. Xüsusilə, qeyd olunmalıdır ki, Azərbaycan bu addımları atarkən xalqımızın ali maraqlarını, tarixi dəyərlərini rəhbər tutaraq, həmçinin, beynəlxalq ictimaiyyətlə əməkdaşlığa sadiq qalaraq Avropa strukturlarına inteqrasiya yolunu uğurla davam etdirir. Təbiidir ki, əksəriyyət hallarda biz qarşı tərəfdən də bu iradəni görürük, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu və fəaliyyəti yüksək qiymətləndirilir. Amma çox təəssüflər olsun ki, bəzən ölkəmizə qarşı qeyri-adekvat, ədalətli olmayan addımların da şahidi olmaqdayıq.Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi "İlqar Məmmədovun işi" adlandırılan qətnaməsi də bu qəbildən olan xoşagəlməz hallardandır. Təbii ki, biz bu qətnamənin hər hansı bir hüquqi mahiyyət daşıdığını düşünmürük və bu sənədi Avropa Parlamentinin ümumi mövqeyi kimi qəbul etmək düzgün olmazdı. Əgər qurumun 754 üzvündən sadəcə 32 nəfərinin iştirakı ilə bu sənəd qəbul olunubsa, deməli, o, kağız parçasından başqa bir əhəmiyyət daşımır".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00