“Seçicilərin əksəriyyəti İlham Əliyevə səs verəcək”
25 İyun 2013 19:19 Siyasət"Azərbaycan vətəndaşları, seçicilərimizin mütləq əksəriyyəti cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər. İnsanların bu mövqeyi bizdə belə inam yaradır ki, növbəti prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti partiyamızın sədri İlham Əliyevə səs verəcək və O, yenidən Azərbaycan Prezidenti seçiləcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının sədr müavini- Əli Əhmədov səsləndirib. Hakim partiya rəsmisi bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin insanlar tərəfindən dəstəklənməsi çox ciddi əsaslara malikdir. Onun fikrincə, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə son 10 il ərzində Onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrinə qiymət vermiş olurlar: "Bu illər ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 10 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Eyni zamanda, Prezident İlham Əliyevin siyasəti nəticəsində əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib".