Koreya Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərfdardır
25 İyun 2013 16:31 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Sədr müstəqil Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bu günədək ölkələrimiz arasında 46 sənəd imzalanmış, 12 sənəd üzərində isə iş aparılır. Spiker Yeni Azərbaycan Partiyasının dəvəti ilə Koreyanın hakim Saenuri partiyasının deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib. Spiker Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu söyləyib. Bildirilib ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, indiyədək real nəticə yoxdur: "Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, bu sahədə imkanlar hələ tükənməyib".Qonaq ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu deyib. Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib.