Bakı və Kəndlər Birliyi fəaliyyətini bərpa edir
Nəsir Ağayev: “1996-cı ildən bu günə kimi ciddi fəaliyyətlə məşğul olmayıblar”
25 İyun 2013 14:02 Siyasət"1990-94-cü illər aralığında təsis olunan Bakı və Kəndlər Birliyi Azərbaycanın bütövlüyü, müstəqilliyinin bərpası, vətəndaş müharibəsnin qarşısının alınmasında ciddi fəaliyyətləri olub. Təşkilat həmçinin I Qarabağ müharibəsində hərbi təchizatların döyüş bölgələrinə çatdırılmasını da diqqət mərkəzində saxlayıb. Lakin bütün bunlara baxmayaraq 1994-cü ildən sonra BKB daxilində kadr dəyişikliyi uğrunda mübahisələr başladı". Bakı və Kəndlər Birliyinin qurucusu və sabiq sədri Nəsir Ağayev "OLAYLAR"a açıqlamasında belə deyib. Nəsir Ağayev qeyd edib ki, bir müddətdən sonra isə BKB şəxsi prinsipləri qabağa çəkərək ictimai fəaliyyətini arxa plana keçirdi: "Həmin təşkilatın qurucusu kimi bu gün məcburam ki, BKB-ın düşdüyü böhrana görə müəyyən sərt fikirlər səsləndirim. BKB 1996-cı ildən bu günədək ciddi bir işlə məşğul olmur, nə də ki, ictimai fəaliyyəti üçün hər hansı bir layihələr irəli sürmür. Bu gün də təşkilat ictimai fəaliyyətini kənara qoyub şəxsi maraqlarını qabartmaqla məşğuldur. Vəziyyət o yerə çatıb ki, heç bir qurultay, konfrans keçirilmədən kim nə istədi edir və BKB-nin adından ilə danışır. Bakı və Kəndlər Birliyinin əmlakının mənmisənilməsini, məndən sonrakı sədri və təşkilatın aparat əməkdaşları BKB-ın adı ilə əldə edilmiş binanı satıblar, ikinci binanı əldə etdikdən sonra isə onu müəyyən şəxslərə icarəyə veriblər. BKB ictimai birlikdən daha çox şəxsi mənafeyə xidmət edən təşkilata çevrilib. Heç kəs şəxsi maraqlarına görə BKB-ın fəaliyyətinə kölgə sala bilməz. Təşkilat müəyyən şəxslərin səyləri nəticəsində Azərbaycan qanunvericiliyinin əksinə gedir, heç bir fəaliyyət göstərmir. Xəzər dənizinin sahilləri müəyyən məmurların şəxsi biznesinə çevrilib, həmin ərazilərdə şəxsi iaşə obyektləri yaradılıb, insanların istirahət yerləri korrupsiyaya qurşanmış ayrı-ayrı adamların əlinə keçib. Amma BKB problemlərin heç birinin qabardılmasında maraqlı deyil. Bakı kəndlərinə məxsus torpaq fondları azalıb. Həmin məsələyə görə də BKB məsuliyyəti boynundan atır. Demək olar ki, bu gün Bakı kəndlərinin tarixi strukturları dağıdılaraq məhv edilir. Bunun cavabını da BKB verməlidir. Müəyyən dövlət orqanları, siyasi təşkilatlar və partiyalar bu birliyin fəaliyyətsizliyini diqqət mərkəzində saxlasalar yaxşı olardı. ("OLAYLAR" İA)