“İvanişvili Gürcüstan prezidenti ola bilər”

Vəfa Quluzadə: “Saakaşvili hakimiyyətdən getdikdən sonra yaranacaq yeni hökumətin xarici siyasət oxu yenə də NATO və Aİ-yə istiqamətli qalacaq”

Gürcüstanın Baş naziri Bidzina İvanişvili Mixail Saakaşvili prezident postunu tərk edəndən sonra siyasətdən gedəcəyini bildirib. Siyasi analitiklər hesab edirlər ki, Saakaşvilinin siyasətdən getməsi Gürcüstanın xarici siyasət xəttinin dəyişməsilə nəticələnəcək. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə Mixail Saakaşvili payızda bu ölkədə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. Bu isə Saakaşvilinin tamamilə Gürcüstan hakimiyyətindən getməsi deməkdir: "Lakin Saakaşvilinin Gürcüstan hakimiyyətindən bir dəfəlik getməsi o mənada başa düşülməməlidir ki, İvanişvili hökuməti gürcü dövlətinin xarici siyasət kursunu dəyişərək Rusiyaya inteqrasiya yolunu seçəcək. Artıq Gürcüstanın xarici siyasəti formalaşıb. Gürcü dövlətinin xarici siyasət istiqaməti Avropa İttifaqı və NATO-ya yönəlib. Bu da bütün gürcü xalqı tərəfindən dəstəklənir. İvanişvili getməsi barədə ona görə bəyanatlar səsləndirir ki, baş nazir bu posta müvəqqəti gəlib. İvanişvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda prezident seçkiləri keçiriləcəkdi. Payızda keçiriləcək seçkilərdən sonra Bidzina İvanişvilinin özü də Gürcüstanın yeni dövlət başçısı ola bilər. Baş nazirin prezident seçkilərində iştirak etməsi mümkündür. Çünki, Gürcüstanın artıq siyasi palitrası məlumdur, güclü partiyalar dövləti idarə edir. Prezident ya Saakaşvilinin, ya da ki, İvanişvilinin partiyasından olan nümayəndə olacaq. Həm prezidentin, həm də baş nazirin siyasi ideologiyası eynidir, bu mənada Saakaşvili və İvanişvili arasında göründüyü kimi ziddiyyətlər yoxdur. Onların hər ikisi Gürcüstanın demokratiyasına xidmət edirlər". Vəfa Quluzadə İvanişvilinin prezident Saakaşvilini həbs etdirəcəyi bəyanatına aydınlıq gətiərək bildirdi ki, baş nazirin dilindən dövlət başçısının həbs etdirəcəyi  barədə yayılan məlumatlar müəyyən mənada həqiqəti əks etdirmir. "Həmin informasiyalar şayiələr ola bilər. Hərdən mətbuat da bur cür neqativ yollara əl atır, hakimiyyət dairələri haqqında həqiqətə uyğun gəlməyə məlumatlar yayırlar. Həmin informasiyalar müəmmalı olduğu üçün onun barəsində şərh vermək də düzgün deyil. hər halda bunu Gürcüstan xalqı və hakimiyyət adamları daha yaxşı bilirlər" - Vəfa Quluzadə deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00