Müxalifətdə namizəd bolluğu-SİYASİ ANALİZ
Ərəstun Oruclunun ardınca daha kimlər namizəd ola bilər
24 İyun 2013 17:19 Siyasət"Yeni Müsavat" qəzetinin hələ qış aylarında proqnozlaşdırdığı və "hakimiyyətin müstəqil politoloq" layihəsi adlandırdığı Ərəstun Oruclu namizədliyini irəli sürüb. Mətbuatın yazdığına görə, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu prezidentliyə namizədliyinin irəli sürüldüyünü təsdiqləyib. Saytlara açıqlama verən Ərəstun müəllim deyib: "Həqiqətən də "A13 hərəkatı"nın İdarə Heyəti qarşıdan gələn prezident seçkilərilə bağlı qərar qəbul edib. Bu qərarda seçkilərdə iştirak eləmək və mənim namizədliyimin irəli sürülməsi öz əksini tapıb. Qərarı alqışlayıram və göstərdikləri etimada görə silahdaşlarıma təşəkkür edirəm! Mübarizəyə hazıram və onu sonadək aparmaqda israrlıyam! Bu barədə məlumat yayıldıqdan sonra artıq xeyli insan seçkilərdə mənə dəstək olacağını ifadə edib. Onların arasında hər kəs var: taksi sürücüsü də, tələbə də, həkim də, müəllim də, professor da, tanınmış ictimai xadim də, real həyatda heç zaman üz-üzə gəlmədiyim virtual dostlarım da". Maraqlıdır ki, Ərəstun Oruclunun namizədliyi müxalifətdə daha qısqanclıqla qarşılanmır. Qış aylarında ənənəvi müxalifət "müstəqil politoloq projesi"ni qəzəblə qarşılamışdı. Bu o çağlar idi ki, Müsavat Partiyası prezident seçkilərinə təkbaşına qatılacağını bildirmiş, İsa Qəmbərin namizədliyi erkəndən irəli sürülmüşdü. Müsavatın təbliğat ruporu da ənənəsinə sadiq qalaraq və sırf inersiya ilə "bizimlə olmayan bizdən deyil" prinsipi ilə qarşısına çıxan namizədə "atəş açmağa" başlamışdı. O zaman niyyətini ilk olaraq bəyan etdiyindən hücumlar da Ərəstun Orucluya oldu. Sonrakı proseslərin bu cür cərəyan edəcəyini bilsəydilər, bəlkə də Müsavat fəalları Ərəstun Oruclu ilə bu cür sərt rəftar etməzdilər. Bəllidir ki, artıq müxalifət daxilində elə bir situasiya yaranıb ki, Müsavat başqanı prezidentliyə vahid namizəd olmaq şansını tamamilə itirib. İndi Müsavat başbilənləri onlar üçün qurulmuş tələdən çıxmağa çalışırlar. Bunun üçün isə Ərəstun Oruclu kimi müxalifət elektoratına iddialı fiqurların daha da önə çıxması lazımdır.
Bəs Ərəstun Oruclunun namizəd olması hansı presedenti yarada bilər? Öncə yada salaq ki, Oruclu İctimai Palatanın üzvüdür. Bir müddət öncəyə qədər hakimiyyətə qarşı radikal tənqidləri ilə seçilirdi. İndi mövqeyində az da olsa yumşalma müşahidə olunsa da, bütövlükdə Oruclu protest elektoratının namizədi kimi tanınır. Ərəstun Oruclunun "dairədən çıxması" müxalifət üçün yaxşı heç nə vədd eləmir. Onun ardınca, digər müstəqillər də namizədliyini verə bilər. Onlardan biri artıq mövqeyini qoyub. Bu, sosial şəbəkələrdə aktivliyi ilə seçilən alim Qüdrət İsaqovdur. Azadlıq Partiyasının sədri Əhməd Orucun da namizliyini verəcəyi gözlənilir. Müstəqil Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın da prezidentliyə namizəd olacağı mümkündür. Xatırladaq ki, ötən il bu barədə müəyyən söhbətlər var idi. Azadlıq Partiyasının sədri Əhməd Orucun namizədliyini verməsi siyasi partiyalar üçün presedent olacaq. Onun ardınca, ALDP lideri Fuad Əliyevin də namizəd olması mümkündür. Bu halda müxalifət daxilində namizəd bolluğu yaranacaq və vahid namizədin səsləri parçalanacaq.
Ərhun Abbas