“Kremllə razılaşmadan Rusiyada milyardlarla dollar dəyərində kapital əldə etmək mümkün deyil”
Elşən Manafov: “Rusiya ilə razılaşdırılmadan İvanişvili Gürcüstan hakimiyyətindən gedə bilməz”
24 İyun 2013 16:31 SiyasətGürcüstanın baş naziri tezliklə siyasətdən getmək niyyətini açıqlayıb. Bidzina İvanişvili bəyan edib ki, Mixail Saakaşvili prezident postunu tərk etdikdən dərhal sonra o, siyasi səhnədən uzaqlaşacaq. Məsələyə münasibət bildirən politoloq Elşən Manafov bildirib ki, İvanişvilinin belə bir bəyanatla çıxış etməsi ilk dəfə deyil. İvanişvili bu yaxınlarda da Saakaşvilinin prezident postundan getdikdən sonra istefa verəcəyini yenidən sərgilədi: "Bidzina İvanişvili hakimiyyətə ona görə gəlməyib ki, nəzərdə tutduğu plan layihələrini həyata keçirmədən istefaya getsin? Birincisi, bütün bunların hamısı rəhbərlik etdiyi partiyada müzakirəyə çıxarılacaq. İkincisi, İvanişvili Rusiyanın Cənubi Qafqaz, xüsusilə Gürcüstanla bağlı həyata keçirdiyi geosiyasi layihənin əsas tərkib hissəsidir. O, Kremlin regiondakı planlarını həyata keçirmək istəyən bir nömrəli şəxsdir. Kremllə razılaşdırılmadan İvanişvili Gürcüstan hakimiyyətindən getməyəcək. Maraqlısı odur ki, artıq Rusiya-Gürcüstan münasibətlərindəki durğunluq halları arxada qalıb. Bu yaxınlarda Rusiya Gürcüstana tətbiq etdiyi sanksiyaların müəyyən hissəsini aradan qaldırdı. Gürcüstanın nəhəng Rusiya bazarına ehtiyacı var. Gürcü sənaye mallarının Rusiya bazarına çıxarılmasına imkanların yaradılması onu göstərdi ki, İvanişvili hakimiyyətə gəlməmişdən qabaq elan etdiyi proqram layihələrinin bir hissəsini reallaşdırıb. Rusiyanın tətbiq etdiyi sanksiyaları aradan qaldırması Gürcüstanın ümumidaxili məhsulunun artmasına, sənaye məhsullarının ixracatına əlavə şanslar yaradacaq. Bu isə prinsip etibarilə İvanişvilinin xeyrinə olan amillərdir. İvanişvili Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı da fərqli açıqlama vermişdi. Amma Azərbaycana səfəri çərçivəsində cənab prezident İlham Əliyevlə görüşündə bəyan etdi ki, onun açıqlaması düzgün şərh edilməyib. İvanişvili bu mənada maraqlı açıqlamalarla tez-tez çıxış edir. Baş nazir böyük sərvətinin çox böyük hissəsini Rusiyada əldə edib. Rusiyanın avtoritar rejimilə müəyyən razılaşmalardan sonra milyardlarla dollar dəyərində kapital əldə etmək mümkün deyil. Ona görə inandırıcı deyil ki, İvanişvili bu açıqlamları Rusiyanın xüsusi xidmət orqanlarının tapşırığı ilə verib. Amma İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Qərbə inteqrasiya prosesləri xeyli dərəcədə səngiyib. Bu da təbii ki, Rusiyanın maraqlarına cavab verir. Çünki, bütün hallarda Rusiya-Gürcüstan müaqişəsinin arxasında duran maraqlardan biri də Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını almaq idi. Kreml də həmin münaqişədən istafdə edərək Gürcüstanın Avropaya gedən yolunu kəsə bildi". ("OLAYLAR" İA)