Əli Əhmədov: “Xalqın əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir”
24 İyun 2013 13:59 SiyasətYeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Xızı rayonunda partiyanın fəalları ilə görüşüb. "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, görüşdə Əli Əhmədov bildirib ki, bütün partiya üzvləri kimi Xızı rayon təşkilatının üzvləri də cənab prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyirlər. Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər şəkildə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəalın, Azərbaycan vətəndaşının əməyi, fədakarlığı var. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub: "Bütün bunlar isə xalqımızın mütləq əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyini irəli sürməsinə zəmin yaradıb. Qətiyyətlə demək olar ki, Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir".