Deputatlarımız AŞPA-nın sessiyasına qatılıb
24 İyun 2013 13:01 Siyasətİyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası öz işinə başlayıb. Milli Məclisdən verilən məlumata görə, sessiyada partlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildir. Sessiyada AŞPA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinlənəcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq prosedurasına başlanması təklifinin müzakirəsi, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.