İlham Əliyevin Azərbaycan adına əldə etdiyi uğurlar növbəti 5 il üçün şansını artırır

Prezident İlham Əliyev iyunun 20-də Belçika Krallığına işgüzar səfər edib. Brüsseldə Azərbaycan Prezidenti ilə Avropa İttifaqının Prezidenti Herman Van Rampuy arasında görüş keçirilib. Birgə mətbuat konfransında İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir. Dövlət başçısı çıxışında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şimali İrlandiyada "G-8" ölkələrinin keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsilə bağlı verdikləri bəyanatları yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həll yolunu tapmaq üçün lazımi addımların atılmasının zəruriliyi ilə bağlı fikirləri tam dəstəkləyir: "Azərbaycan münaqişənin beynəlxalq hüquq və prinsiplər, eləcə də BMT-nin bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələr əsasında tezliklə həllində maraqlıdır. Münaqişənin həllində əsas götürülmək üçün Helsinki Yekun Aktının prinsiplərinə istinad edilməsi çox vacibdir. Öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların Ermənistan dövləti var". İlham Əliyev həmçinin Azərbaycanın Cənubi Qafqaz və dünyada reallaşdırğı beynəlxalq enerji layihələrinə toxunaraq bildirdi ki, yaxın vaxtlarda "Şəhdəniz" konsorsiumu tərəfindən qəbul olunacaq qərar Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsinə şərait yaradacaq və bu, Avropanın enerji xəritəsini tam dəyişdirəcək. TANAP layihəsinin elan olunması Cənub qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Azərbaycan qazının Avropaya nəqlindən hər iki tərəf udur. Azərbaycan öz qazını çıxaracağı enerji bazarları tapacaq, Avropa isə uzunmüddətli dövr üçün Azərbaycanın timsalında alternativ enerji mənbəyi əldə edəcək. Qeyd edək ki, İlham Əliyevin hakimiyyətdə olduğu son 10 ildə Azərbaycan Avropaya inteqrasiya yolunu seçərək fantastik iqtisasdi inkişafa nail olub. Bunun məntiqi nəticisidir ki, hakim partiya YAP-la yanaşı xalq yazıçısı Maqsud İbrahimbəyovun sədrliyi ilə keçirilən iclasda Milli Sülh Komitəsi dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini də irəli sürüb. Xatırladaq ki, M.İbrahimbəyov Milli Şuranın təsisçisi kinorejissor Rüstəm İbrahimbəyovun qardaşıdır. İlham Əliyevin yürütdüyü siyasətin uğurları dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. ABŞ Dövlət Departamentinin hesabatına görə, son 10 ildə Azərbaycan insan alverinə qarşı mübarizədə tərəqqiyə nail olub. ABŞ-ın Azərbaycandakı səfirliyi bu sahədə əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən, ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Səudiyyə Ərəbistanının "Əl-Vətən" qəzeti yazır ki,  regionun ən güclü dövləti olan Azərbaycanda bu gün sabitlik, sürətli iqtisadi artım müşahidə olunur. Son 10 ildə ÜDM sürətlə artan Azərbaycan dünya bazarında əhəmiyyətli oyunçuya çevrilib. Beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanda xarici sərmayədarlar üçün də əlverişli şərait yaradılıb. Mütəxəssislər Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafını Malayziya, Sinqapur, Tayvan, Cənubi Koreya kimi ölkələrin iqtisadi dirçəlişi ilə müqayisə edirlər. Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru ÜDM-in həcmi Gürcüstan və Ermənistan iqtisadiyyatının ümumi həcmindən artıqdır. Belə ki, iki ölkənin 2012-ci ildə ümumi ÜDM-in 26,4 milyard dollar olduğu halda, Azərbaycanın yalnız qeyri-neft sektoru ÜDM-i 36,5 milyard dollar olub. 2013-cü ilin ilk 6 ayı ərzində qaçqınlar arasında yoxsulluğu səviyyəsi 14%-dək aşağı düşüb. 2013-cü il Xocalı Soyqırımının tanıtdırılması və Dağlıq Qarabağın Azərbaycanın əsas tərkib hissəsi kimi dünya dövlətlərinə tanıtdırılması baxımından uğurlu olub. Almaniya Bundestaqının üzvü Aleksandr Funk yerli mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını  dəstəkləmək  lazımdır.  Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasının yeqanə yolu  işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılmasını təmin etməkdir. ABŞ və Qərb dövlətlərinin Azərbaycana inteqrasiya yolunu seçməsi İlham Əliyev siyasətinin məqsədyönlü nəticələri kimi ortaya qoymaq olar. Əliyevin Azərbaycan əlinə əldə etdiyi uğurlar dövlət başçısının payızda keçiriləcək seçkilərdə növbəti 5 ildə də respublika prezidenti seçilməsi şanslarını artırır.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00