Milli Məclis Avropa Parlamentinə etiraz etdi
AP-nin qətnaməsi Azərbaycana qarşı təzyiq vasitəsidir
22 İyun 2013 09:22 SiyasətMilli Məclisin yaz sessiyasının sonuncu iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzakirə edilib. Spikerin təklifi ilə bəyənat layihəsinin hazırlanması məqsədilə 5 deputatdan ibarət işçi qrupu yaradıldı. Deputat Musa Quliyev də spikeri dəstəkləyib: "Bu qətnaməyə səs verən insanlar əvvəllər də Azərbaycana qarşı səs veriblər. Həmin sənədin İlqar Məmmədovla bağlı olduğu bildirilsə də başqa məqamlar da var. Hamı bilir ki, yanvarın sonunda İsmayıllıda ixtişaşlar oldu, avtomobil, evlər yandırıldı. Bu ixtişaşı yaradanlarla bağlı istintaq gedir və onlardan biri də İlqar Məmmədovdur. Guya göstərmək istəyirlər ki, Məmmədov müxalifət lideridir, həm də iddia edirlər ki, prezidentliyə real namizəddir. Amma onun heç partiyası yoxdur, heç prezident seçkilərinə start verilməyib. Mən hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı düşünülmüş prosesdir. Qətnamədə siyasi fəalların dərhal azad edilməsi tələb edilir. Azərbaycanın qanunları var və cinayət törədən şəxslər həbs edilir. Hansısa qurumun bizə göstəriş verib "filankəsləri azad edin" deməsi əsassızdır və qəbulolunmazdır. Tələb edirlər ki, Bakının ortasında mitinqlərə icazə verilməlidir. Hansı dövlətin parlamenti digər dövlətin parlamentindən tələb edə bilər ki, bunu qəbul edin? Bütün bunlar Azərbaycana təzyiq elementidir. Amma onlar unudurlar ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil və bu qüdrətli dövlətlə təzyiq dilində danışmaq olmaz". Millət vəkili Siyavuş Novruzov da Avropa Parlamentinin qətnaməsinin qərəzli olduğunu diqqətə çatdırdı: "Bu, Azərbaycanın əleyhinə yönələn böhtan kampaniyasıdır. Orada olan 32 deputat nəinki İlqar Məmmədovu, heç İsa Qəmbəri də tanımır. Qətnamədə göstərilir ki, Azərbaycanda 52 QHT və partiya onlara donosluq edib, amma onların adı açıqlanmır. Qeyd edilir ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğundan həbs edilib. İlqar Məmmədov heç bələdiyyə üzvü seçilməyib, parlament seçkilərində 500 səs toplamayıb. Hesab edirəm ki, bütün bunlar qərəzdir. Sanki "Freedom Hause" ilə bu qətnaməni eyni adam yazıb. Biz görürük ki, bu təzyiqlər 20 ildir davam edir. Bu Azərbaycanın milli sərvətlərindən güzəştli istifadə etmək məqsədi daşıyır". Millət vəkili belə qətnamələrin qəbulunda müxalifətin və hüquq müdafiəçilərin də rolu olduğunu bildirib: "20 ildən artıq müsavatçıların hüququnu qoruyan Novella Cəfəroğlu etiraf etdi ki, "Freedom Hause" nin hesabatı qərəzlidir. İndi onu partiyadan çıxarmaq istəyirlər. Xatırlayıram, 2000-ci ildə Şirzad Əyyub seçildi, İsa Qəmbər seçilmədi deyə onu partiyadan çıxardılar. 2005-ci ildə Aynur Camalqızı deputat seçildi, ama İsa Qəmbər seçilmədi deyə onu da partiyadan çıxardılar. Bəs ifadə azadlığı, demokratiya hanı? Bizim Avropa Parlamentinin bu qətnaməsinə cavabımız qətiyyətli olmalıdır. 32 nəfərin toplaşıb Azərbaycana qarşı qətnamə qəbul etməsi göstərir ki, bəzi qüvvələr Azərbaycana qarşı təzyiq etməyə çalışırlarr, onlar demokratiya yox, iqtisadi maraqlar güdürlər". MM sədrinin müavini Valeh Ələsgərov deyib ki, Azərbaycana qarşı belə təzyiqlər davamlı olacaq. Hələ BTC layihəsi həyata keçiriləndə belə təzyiqləri görmüşük: "Biz "böyük qardaş" ideologiyasını qəbul etmirik. Avropa Parlamenti kimdir ki, bizə göstəriş versin. Bəyəm Avropa özü bütün problemlərin həllinə nail olub? Ona görə, biz onun-bunun ağzına baxmadan qərarları özümüz qəbul etməliyik". Millət vəkili Asəf Hacıyevin sözlərinə görə, sənəddən sanki elə görünür ki, Avropa parlamenti Azərbaycan vətəndaşları haqqında düşünür və narahat olur. Əgər bu belədirsə, onlar nədən bir milyon məcburi köçkünün hüquqlarını müdafiə etmirlər, nədən 20 faiz işğal edilən torpaqları görmürsünüz? Odur ki, onların mənəvi haqqı yox idi ki, belə qərar versin: "Avropalılar başa düşməlidir ki, Azərbaycan xalqının mədəniyyəti var və biz təhqirləri qəbul edə bilmərik. Bu gün Azərbaycanda hər kəs tənqid oluna bilər, amma təhqir edilə bilməz. Biz sizinlə əməkdaşlıq edirik və sizin qərarlarınıza ümidimiz var. Amma elə edin ki, bizim ümidlərimiz ölməsin".
Millət vəkili Əli Əhmədov deyib ki, Avropa Parlamentinin qətnaməsində qeyd edilən İlqar Məmmədovun hərəkətində cinayət tərkibi var ki, saxlanılıb və istintaq gedir: "Konkret qətnaməyə gəldikdə deyim ki, bu qətnamə hüquqi baxımdan qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığı üçün bu qurumun qətnaməsi doğru deyil. İkincisi, bu sənədi Avropa Parlamentinin qətnaməsi kimi təqdim etmək doğru deyil, çünki onu 32 nəfər dəstəkləyib. Siyasi baxımdan da bu qətnamə qərəzlidir, Azərbaycan reallıqlarını təhrif etməyə yönəlib. Diplomatik ton baxımından da bu sənədi yanlış hesab edirəm. Müstəqil bir dövlətə qarşı belə sənədin qəbul edilməsi qəbuledilməzdir". "Mən səni sevəcəyəm, sən sevməsən də" fəlsəfəsindən uzaqlaşmalı olduğumuzu qeyd edən millət vəkili Yaqub Mahmudovun sözlərinə görə, heç harada yazılmayıb ki, Avropada və ya Amerikada bir qurum Azərbaycanın daxili işlərinə qarışsın və qarışıq salsın: "Hesab edirəm ki, bu qətnamə Azərbaycana qarşı siyasi əxlaqsızlıqdır. Xocalı soyqrımını törədən cani bu gün Ermənistanın prezidentidir. Buna münasibətiniz necədir? Bu məsələlər cavab qətnaməsində qeyd olunmalıdır". Sonda MM-in etiraz bəyənatı oxunub.
Alim