Müxalifət köhnə ampulasında

Bu düşərgə hələ də bolşevik təfəkküründən qurtula bilməyib

Prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində ənənəvi və bir-birindən maraqlı proseslər yenidən özünü büruzə verir. Hər seçki ərəfəsində bir araya gəlməyə çalışan, qısa müddət keçdikdən sonra isə "mehriban düşmən"ə çevrilən müxalifət partiyaları arasında daxili gərginlik yenə də özünü büruzə verir. Təkcə, partiya sədrləri deyil, hətta sıravi üzvlərin də bir-birinə qarşı nümayiş etdirdiyi dözümsüzlük artıq özünü açıq müstəvidə də göstərir. Demokratiyadan dəm vurub, lakin hələ də bolşevik təfəkkürü ilə yaşayan müxalifət liderləri və onların yaxın ətrafları bütün proseslərə "Kim bizim kimi düşünmürsə, düşməndir" prinsipi ilə yanaşırlar. Bunun bariz nümunəsinə isə bu günlərdə hüquq müdafiəçisi Novella Cəfəroğlunun verdiyi açıqlama və bu açıqlamaya müxalifət düşərgəsindən göstərilən etirazda rast gəlmək mümkündür. Belə ki, hüquq müdafiəçisi, Müsavat Partiyasının Məclis üzvü Novella Cəfəroğlu "Freedom House" təşkilatının "Keçid dövrü ölkələri-2013" hesabatına münasibət bildirərkən deyib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: "Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukraynada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Keçmiş sovet ölkələri arasında ən yaxşı durumda olan Azərbaycandır. "Freedom House" təşkilatı qələt eləyib.". Maraqlısı odur ki, hüquq müdafiəçisinin "Freedom House" təşkilatının  hesabatı ilə bağlı verdiyi rəy müxalifətçilərin,  xüsusilə də müsavatçıların qəzəbinə səbəb olub. Hətta Novella Cəfəroğlunun Müsavat Partiyasının üzvlüyündən çıxarılması təklifləri də səsləndirilib. Müsavat Partiyasının Birləşmiş Ştatlarda yaşayan üzvü Ramiz Yunus Novella Cəfəroğlunun partiyadan çıxarılmasını istəyib. Bütün bunlar müxalifətçilərin fikir və ifadə azadlığına dərin "hörmət" bəslədiklərini əyani nümayiş etdirir. Onlar elə hesab edirlər ki, hüquq müdafiəçisi hökmən müxalifətin siyasi maraqlarına uyğun fikirlər səsləndirməlidir. Vətən təəsübkeşliyi, dövlət maraqlarının qorunması  yalnız iqtidarın işidir.  Görünür bu da müsavatsayağı demokratiyadır. Əgər bu gün Müsavat Partiyası üzvlərindən birinin fərdi və obyektiv yanaşmasına dözümlülük nümayiş etdirmir və hər kəsin partiya maraqlarından çıxış etməsini vacib sayırsa o halda, bu partiyanın hər hansı  demokratik prinsiplərdən danışması absurddur. 
***
Müxalifət partiyaları, xüsusilə Müsavat Partiyasında olan antidemokratik mühit və bolşevik təfəkkürü vəkil Aslan İsmayılova qarşı da özünü büruzə verib. Dünənə qədər Aslan İsmayılovun hüquqlarının pozulduğunu iddia edərək onu can-başla müdafəyə qalxan müsavatçılar indi ona qarşı sanki cəbhə açıblar. Səbəb isə olduqca maraqlı və gülüşdoğurucudur. Belə ki, vəkil  "Yeni Müsavat"a müsahibəsində Milli Şura ilə bağlı müsavatçılara xoş olmayan fikirlər işlədib. Aslan İsmayılovun "Mən Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına heç də pis baxmıram. Ona görə ki, ağsaqqal, dünyagörmüş, dünyada nüfuzu olan adamdır. Amma mən qəti tərəfdarıyam ki, xaricdə oturub ölkədəki proseslərə başçılıq etmək olmaz. Həmin adam hökmən burda olmalıdır. Ona görə ki, bu, çox ciddi məsuliyyətdir. O məsuliyyətin altına girməkdən çəkinən, həbsdən qorxan adamı Milli Şuranın rəhbərliyində görmürəm" fikirləri qəzet səhifəsində özünə yer almamış müsavatçılar sosial şəbəkədə dünənə qədər müdafiə etdikləri vəkilə qarşı yaxşıca hücuma keçiblər. "Demokratlar" Aslan İsmayılova hər şeyə baş qoşmamağı tövsiyyə ediblər. Bu da demokratiyadan danışanların daha bir antidemokratik mövqeyi. Görünən odur ki, 20 ildə təfəkkürdə heç bir dəyişiklik etməyib hər şeyi qara görən bəzi müxalifət partiyaları və onların liderləri bundan sonra 20 ildə də eyni prinsiplə yaşayacaqlar. Çünki bu qüvvəlkərin içərisində köhnə prinsiplərin dəyişilməsinin zəruri olduğunu düşünən beyinlər yoxdur.
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00