Rusiyanın Rüstəm İbrahimbəyov kartı fiaskoya uğrayır-SİYASİ ANALİZ
Müxalifət isə vahid namizəd axtarışını davam etdirir
20 İyun 2013 21:01 SiyasətPrezident seçkiləri yaxınlaşdıqca siyasi proseslərin gərginləşməsi müşahidə olunur. Seçkilərə rəsmi start verilməsə də artıq prezidentliyə namizədlər ətrafında müzakirələr davam etdirilir. Maraqlı məqam ondan ibarətdir ki, hələlik ölkə müxalifəti prezidentliyə namizədini müəyyən edə bilməyib. İllərlə "vahid namizəd" axtarışına çıxan müxalifət öz liderlərindən əllərini üzərək xarici ölkələrin kadrına üstünlük verirlər. Hələlik görüntü ondan ibarətdir ki, müxalifət Rusiyanın "adamı" hesab olunan kinematoqraf Rüstəm İbrahimbəyovun namizədliyi üzərində spekulyasiya edir. Onu da qeyd edək ki, Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca xarici qüvvələrin də fəallaşması müşahidə olunur. Xüsusən, Qərb və Rusiyanın canfəşanlıği qabarıq şəkildə özünü büruzə verir. Bu arada Avropa Parlamentinin qəbul etdiyi qətnaməni və "Freedom House" tərəfindən ortaya qoyulan hesabatı təsadüfi hadisə kimi qəbul etmək sadəlövlük olardı. Ona görə ki, hər iki sənədin qeyri-ciddi və əsassız olduğu sözügedən təşkilatlara gün kimi aydın olsa da, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadədən çəkinmirlər. Nəzərə alaq ki, sözügedən beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanda seçkilər ərəfəsində eyni metoddan yararlanmağa çalışıb. Digər tərəfdən, şübhəsiz ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyanın da öz planları var. Əvvala onu qeyd edək ki, Rusiya heç vaxt Müsavat başqanı İsa Qəmbərin vahid namizədliyini qəbul etməyib və çox güman ki, bundan sonra da qəbul etməyəcək. Çünki, Rusiya İsa Qəmbəri Qərbmeyilli şəxs kimi qəbul edir və onunla işbirliyi qurmağı mənasız hesab edir. Elə bu səbəbdən də İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovu oyundan kənarlaşdırmaq məqsədilə Rüstəm İbrahimbəyov kartını ortaya atıb. İstisna deyil ki, Rüstəm İbrahimbəyovu Rusiyanın xüsusi xidmət orqanları gündəmə gətiriblər. Hətta bununla bağlı Rusiyanın müəyyən layihələrinin olduğu bildirilir. Məqsəd isə Azərbaycanın Rusiya tərəfindən irəli sürülən bir sıra şərtlərin qəbuluna nail olmaqdır. Azərbaycan isə həmin şərtlərin ümumxalq mənafelərə zidd olduğunu əsas gətirərək onu qəbul etməkdən imtina etdiyi hamıya bəllidir. Belə bir şəraitdə Rusiyanın Rüstəm İbrahimbəyov layihəsi Azərbaycanda hansı nəticələrə səbəb ola bilər? Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşı yox, Rusiya vətəndaşıdır: "Rusiya vətəndaşının isə Azərbaycan haqqında nə danışdığı maraqlı deyil. Rüstəm İbrahimbəyov Rusiyanın xüsusi xidmət orqanlarına işləyir. Amma onlar Azərbaycanda heç nə edə bilməyəcəklər". S. Novruzov qeyd edib ki, Azərbaycanın ən çətin vaxtlarında, 1990-cı illərin əvvəllərində, ondan sonrakı dövrlərdə, Ermənistan torpaqlarımızı işğal edəndə, Xocalı soyqırımı baş verəndə, Azərbaycanın informasiya blokadasına alındığı və ziyalı dəstəyinə böyük ehtiyac duyulduğu zamanlarda Rüstəm İbrahimbəyov Moskvada otururdu: "Həmin vaxt o, Azərbaycan həqiqətləri haqda bir kəlmə də danışmayıb, bir məqalə də yazmayıb. O dövrdə mərkəzi televiziya vardı və orada yalnız ermənilərin təbliğatı gedirdi. Halbuki bu sahə, televiziya sahəsi Rüstəm İbrahimbəyova yaxın sahə idi. Azərbaycan çiçəklənən zaman birdən onun azərbaycanlı olduğu yadına düşüb, ya da kimsə onun yadına salıb və ölkəmiz haqda danışmağa başlayıb. Təbii ki, bunlar Rüstəm İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var. Bunların hamısı bizim üçün aydındır. İndi hərəsi bir tərəfdən yavaş-yavaş meydana çıxır. Neçə ildir xidmət etdikləri xüsusi xidmət orqanları bunları atıb ortaya və əvvəlki fəaliyyətlərini davam etdirirlər". YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, Rüstəm İbrahimbəyov, yaxud Eldar Namazovunun guya Rusiya tərəfindən dəstəklənməsi barədə fikirlərin yayılmasında onların özləri olduqca maraqlı görünürlər. Çünki, onlar Rusiyanın adamı olduqlarını sızdırmaq, bununla da müəyyən mənada Rusiyanın dövləti səviyyəsində, Rusiya hakimiyyəti səviyyəsində müdafiə olunduqlarını cəmiyyətə hansısa bir formada çatdırmaq istəyirlər. Onun sözlərinə görə, dövlət səviyyəsində Azərbaycanda hansısa bir siyasi dairəni, qrupu, şəxsi nə Rusiya, nə ABŞ, nə də ki, Avropa dövlətləri müdafiə etmir. Radikal müxalifətin də nümayəndələri bəzən belə bir təəssürat yaratmaq istəyirlər ki, guya onları ABŞ və ya Avropa dövlətləri səviyyəsində müdafiə edirlər: "Bu da yanlışdır. Bizim Avropa İttifaqı, ABŞ-la, Asiya ölkələri ilə, o cümlədən də Rusiya ilə dövlətlərarası münasibətlər səviyyəsində heç bir problemimiz yoxdur. Bu cür təəssürat yaratmaq istəyən şəxslərin, dairələrin məqsədi odur ki, bunlar özlərinin "qiymətli", "yararlı" olduqlarını nümayiş etdirsinlər". Millət vəkili əlavə edib ki, Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, Rusiyada müəyyən mədəniyyət, incəsənət xadimləri ilə münasibətləri olan adamdır. Amma, Rüstəm İbrahimbəyovu Rusiyanın siyasi dairələrində kimsə müdafiə edə bilməz, çünki onun siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla münasibətlərə böyük qiymət, önəm verir.
Qeyd edək ki, belə bir halda R.İbrahimbəyovun vahid namizədliyinin müxalifətin özü tərəfindən dəstəklənməyəcəyi şübhəsizdir. Artıq kinematoqrafın qardaşı Maqsud İbrahimbəyov məhz onu deyil, prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib. Bu isə müxalifətin prinspial məqamda Rüstəm İbrahimbəyovdan üz döndərməsi üçün bir bəhanə rolunu oynaya bilər.
Alim