Avropa Parlamentinin yaydığı bəyanatlar deklorativ xarakter daşıyır

 "Biz Avropa Parlamentinin üzvü deyilik, bununla belə, Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli əlaqələrə " yeni qonşuluq" siyasəti səviyyəsində yanaşır və buna önəm verir". Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Avroparlamentin sərt tonlu son qətnaməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan "Avronest" Parlament Assambleyasında fəaliyyət göstərir və bu formada Avropa İttifaqı, həmçinin, Avropa Parlamenti ilə əməkdaşlıq edir: "Biz üzvü olmadığımız təşkilat qarşısında da hansısa öhdəliyə malik deyilik. Azərbaycan eyni zamanda, Avropa Şurasının, ATƏT-in, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və sair qurumların üzvüdür və bu təşkilatlarla da sıx əməkdaşlığı var. Lakin Avropa Parlamentinin yaydığı qətnamələr, bəyanatlar deklorativ xarakter daşıyır". Onun fikrincə, Avropa Parlamentinin qəbul etdiyi bu tipli qərarlar, qətnamələr, əslində bütövlükdə Avroparlamentdə təmsil olunan deputatların heç də hamısının fikrini əks etdirmir: "Burada qətnamələrin qəbulu proseduru var. Bir neçə deputatın hazırladığı qətnamə orada müzakirədə iştirak edənlərin səs verməsi ilə qəbul edilə bilər. Ola bilər ki, bir qətnamənin qəbulu zamanı 5-6 və ya 10-15 deputatın iştirakı kifayət etsin. Ona görə bu cür qətnamələrə çox da ciddi əhəmiyyət vermək lazım deyil. Avropa Parlamenti bütövlükdə Avropada gedən proseslərlə əlaqədar qərarlar qəbul edə, müxtəlif fikirlər səsləndirə bilər. Ancaq Avropa Parlamenti yekcins deyil. Orada 750-yə qədər deputat, müxtəlif qruplar, fraksiyalar, müxtəlif ölkələrin nümayəndələri var. Həmçinin, erməni lobbisinə bağlı olan siyasətçilər var. Ona görə biz Avropa Parlamentinin qəbul etdiyi həmin qətnaməni də əsassız hesab edirik və ona o qədər də əhəmiyyət verilməməsinin tərəfdarıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00