Millət vəkili Human Rights Watcha etiraz edir

Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir

 Milli Məclisin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Human Rights Watch təşkilatının Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozoya ünvanladığı 18 iyun 2013-cü il tarixli məktubu ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son illər Human Rights Watch, Amnesty İnternational və Avropa Sabitlik Təşəbbüsü kimi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanla bağlı vacib hadisələr ərəfəsində qeyri-obyektiv və qərəzli xarakterli müraciətlərin hazırlanması və xüsusi canfəşanlıqla müxtəlif ünvanlara çatdırılması adi hala çevrilib. Bu müraciətlərin əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdan ibarət olub. Belə müraciətlərdən biri Human Rights Watch təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri öncəsi hazırlanıb və 18 iyun 2013-cü il tarixdə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozoya ünvanlanıb. Müraciət müəllifləri bu dəfə də nəinki öz ənənələrinə sadiq qalıblar, onlar hətta "xeyli irəli gedərək" məktubun əvvəlində cənab Barrozonu Prezident İlham Əliyevlə baş tutacaq görüşdə "Azərbaycanda insan hüquqlarının vəziyyətinin dayanmadan pisləşməsi ilə bağlı Avropa İttifaqının dərin narahatlığını açıq qeyd etməyə" və "Avropa Parlamentinin ötən həftə qəbul edilmiş təcili qətnaməsinə müvafiq olaraq, konkret irəliləyişlərə vadar etməyə" çağırırlar: "Maraqlıdır ki, müraciət müəllifləri Avropa Komissiyasının Prezidentini Azərbaycan Respublikasının Prezidentini "konkret irəliləyişlərə "vadar etməyə", konkret olaraq ifadə etsək Azərbaycan Pespublikasının prezidentinə təzyiq göstərməyə çağırırlar. Müraciət müəllifləri, görünür ki, Azərbaycan Respublikasının bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olmasını, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsaslarla qarşılıqlı fayda kəsb edən əməkdaşlıq əlaqələri qurmasını, nəhayət, Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirən müstəqil dövlət olmasını nəzərə almırlar. Onlar məqsədyönlü şəkildə müstəqil dövlətin başçısına hər hansı bir formada təzyiqlərin edilməsinin yolverilməz olmasına göz yumurlar. Müraciət müəllifləri planlı şəkildə Aİ ilə Azərbaycan arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olmasına məhəl qoymurlar". Bəyənatda daha sonra qeyd edilir ki, Human Rights Watch təşkilatının Avropa Komissiyasının Prezidentinə ünvanlanmış müraciətində heç bir fakt gətirilmədən Azərbaycanda "siyasi motivlərlə həbs edilənlər"in olduğu, "ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarına dair beynəlxalq öhdəliklərinə zidd olan məhdudlaşdırıcı" qanunvericiliyin qəbul edildiyi iddia edilir. Qeyd edilməlidir ki, Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, inkişaf etmiş sivil dünyaya, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. Odur ki, Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir, bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir, daim qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00