Münaqişələrin həllində beynəlxalq hüquq normaları heç bir rol oynamır
İmamverdi İsmayılov: “Dünyada söz sahibi olan ölkələr Ermənistana qarşı çox yumşaq davranırlar”
20 İyun 2013 19:30 SiyasətDünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti Azərbaycan ictimaiyyətində hiddətə səbəb olub. Beynəlxalq təşkilatların sözügedən münaqişə ilə bağlı qəbul etdikləri qərarların icra edilməməsi insanlar arasında narahatçılığa səbəb olub. Millət vəkili İmamverdi İsmayılov bildirib ki, dünya dövlətləri, dünyada söz sahibi olan ölkələr Ermənistana qarşı çox yumşaq davranırlar. Bu yanaşma dünyada hələ də ikili standartların mövcudluğunu göstərir. Artıq belə bir mənzərə yaranıb ki, dünyadakı problemlərin həllində beynəlxalq hüquq normaları, qəbul olunmuş sənədlər heç bir rol oynamır: "Münaqişələr həmin güclərə sərf edirsə, məsələnin həllinə maraq göstərmirlər, yox, bu problemlər onların maraqlarına toxunursa, dərhal fəaliyyətə keçirlər. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə 20 ildir ki, icra olunmur, amma Liviya barədə qəbul olunmuş qətnamənin icrasına həmin sənədin qəbul olunduğu gündən başlanır? Bəs Azərbaycanda öz torpaqlarından didərgin düşmüş, öz yurdlarından zorla çıxarılmış bir milyon insanın hüquqlarını niyə bərpa etmək istəmirlər? Özlərini demokratiyanın, insan hüquqlarının qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər? Onlar münaqişə ilə bağlı mövqeyi ümumi sözçülükdən o tərəfə getmir. Deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır, tərəflər özləri bu problemi həll etməlidir. Belədirsə, bəs beynəlxalq qayda-qanunlar nə üçün lazımdır? Ermənistan öz xoşu ilə işğal etdiyi torpaqları azad edərmi? Əlbəttə ki, burada böyük güclərin marağının olması özünü göstərir".
Millət vəkili həmçinin deyib ki, işğalçı dövlətin prezidenti Serj Sarkiysan xarici mətbuata verdiyi müsahibələrdə Xocalıda dinc insanları qətlə yetirdiklərini etiraf edib: "Bu fikirləri ilə dünya ictimaiyyəti qarşısında Ermənistan prezidenti özünün terrorçu, cinayətkar, günahsız insanların ölümünə bais olmasını bir daha boynuna alır. Amma hələ ki, dünya dövlətləri işğalçıya qarşı hər hansı addım atmır. Hətta iş o yerə gəlib çatıb ki, Sarkisyan münaqişənin sülh yolu ilə həll olunmamasında Azərbaycanı ittiham edir. O əgər sülh istəyirsə, Azərbaycan torpaqlarını niyə işğal edib? Niyə bu torpaqları işğal altında saxlayır? Həmin torpaqlarda yaşayan dinc insanlar, uşaq, qoca və qadına fərq qoyulmadan qətlə yetirilib. Ermənistan bir milyona qədər dinc insanları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edib. Bu insanların evləri, doğmalarının uyuduqları məzarlıqlar dağıdılıb, bir sözlə, həmin torpaqlarda nə varsa hamısı məhv edilib. İndi həmin torpaqlarda erməni hərbi birləşmələri mövcuddur. Azərbaycanın mövqeyi belədir ki, bu torpaqlar işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalıdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin edilməlidir".
İ.İsmayılov əlavə edib ki, Ermənistan hakimiyyətinin bu cür qeyri-konstruktiv mövqe tutmasında böyük dövlətlərin, beynəlxalq təşkilatların işğalçılara qarşı tutduğu yumşaq mövqeyin də xüsusi rolu var: "Bəzi dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri Dağlıq Qarabağ münaqişənin həllinin çətin və mürəkkəb olduğunu iddia edirlər. Amma əslində, heç də belə deyil. Münaqişənin həllinin çox sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin olunmalıdır. Əgər böyük dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri torpaqlarımızı işğaldan azad etmək üçün Ermənistana hətta kiçicik təpki göstərsə, Sarkisyan hakimiyyəti bunu etməyə məcbur olacaq. Əlbəttə, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, işğal altında olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Və Dağlıq Qarabağ, işğal olunmuş digər rayonların azad edilməsi dövlətimizin əsas vəzifəsidir ki, bu istiqamətdə gedən fəaliyyətdə ölkəmizin apardığı siyasi kursun nəticələri hər kəsə bəllidir. Artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Bu baxımdan, birmənalı şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlar dövlətimizə inanır, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlər".
Alim