Nazim İbrahimov Halil Akıncı ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı ilə görüşüb. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşlığı və forumla bağlı məsələlər müzakirə olunub. Nazim İbrahimov türkdilli ölkələrin diaspor təşkilatlarının birgə əməkdaşlığının zəruriliyindən danışıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun bu istiqamətdə çox vacib addım olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Forum çərçivəsində diaspor rəhbərləri üçün gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək və onların reallaşdırılması yolları müzakirə olunacaq.  Halil Akıncı isə öz növbəsində mötəbər tədbirin təşkilatçılığını öz üzərinə götürdüyü və bu işləri yüksək səviyyədə həyata keçirdiyi üçün Azərbaycan tərəfinə təşəkkür edib. Forumun önəmindən danışan Halil Akıncı qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyəti, bir sıra problemlərin həllində ortaq mövqedən çıxış etməsi gələcəkdə çox səmərəli olacaq.  Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda müzakirə ediləcək mövzular, qəbul ediləcək sənəd layihələri, çıxışlar və reqlament məsələləri haqqında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00