Avropa Parlamenti Türkiyəyə olan səfərini ləğv etdi
20 İyun 2013 16:36 Siyasət. Avropa Parlament üzvlərinin Türkiyəyə olan səfəri ləğv edilib. Türkiyə mətbuatının məlumatına görə AP-ın alman üzvü Elmar Bruk buna səbəb kimi rəsmi Ankaranın təşkilata qarşı kəskin tənqidi bəyanatını göstərib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Taksim aksiyaları ilə Avropa Parlamentinin hazırladığı tənqidi sənədi qəbuledilməz adlandırmışdı. Baş nazir Rəcəb Tayyib Ərdoğan da qətnaməni rədd edərək, AP-ı kəskin şəkildə tənqid etmiş, təşkilatı Türkiyənin daxili işlərinə qarışmaqda günahlandırmışdı. Avropa Parlamenti isə qəbul etdiyi qətnamədə Türkiyə polisinin etirazçılara qarşı ifrat dərəcədə aqressivliyi və sərt rəftarlarını pisləmiş, rəsmi Ankaranı etirazçılara qarşı radikal qərar qəbul etməkdən çəkinməyə çağırmışdı. ("OLAYLAR" İA)