Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr var

Hadi Rəcəbli: “Onlara məhz Rəsul Quliyev kimi adamlar lazımdır”

"Mən çox təəssüf edirəm ki, Rəsul Quliyev uzaqdan-uzağa, okeanın o tayından Azərbaycanla bağlı proqnozlar verir. Mən eyni zamanda təəssüf edirəm ki, özünün dediyi kimi, "bədbəxt" insan Rəsul Quliyev bilmədiyi məsələlər barədə danışır". Bunu deyən millət vəkili, Milli Məclisin sosial siyasət komitəsini sədri Hadi Rəcəblinin sözlərinə görə, əsl real vəziyyəti bilmək və proqnoz vermək istəyirsə, R.Quliyev ölkədə baş verən inkişaf proseslərini diqqətlə nəzərdən keçirsin: "O, gəlsin görsün ki, Azərbaycanda hansı inkişaf, quruculuq işləri gedir. İnsanların arzuları, istəkləri nədir. Bu iqtidar insanların güzəranının daha da yaxşılaşdırılması üçün hansı addımlar atır və sair. Bu gün mövcud hakimiyyət Azərbaycan dövlətinin, Azərbaycan xalqının daha da inkişafa, tərəqqiyə nail olması üçün ölçüyəgəlməz işlər görür və Azərbaycan xalqı da bunu görür, qiymətləndirir. Azərbaycan xalqı öz inkişaf, uğur yolunu indiki hakim siyasi komandada və cənab prezident İlham Əliyevdə görür. Azərbaycan xalqı növbəti inkişafına və uğuruna çatmağın yolunu indiki iqtidarda və İlham Əliyevdə görür". Millət vəkili qeyd edib ki, seçkilər kimi çox həssas bir dövrü yaşayan Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışan bəzi daxili və xarici qüvvələr var ki, onlara məhz R.Quliyev kimi adamlar lazımdır: "Onlar istəyirlər ki, məhz belə adamlardan istifadə edərək öz istəklərinə nail ola bilsinlər. Ancaq həmin qüvvələr, R.Quliyev kimi qüvvələr də bilməlidirlər ki, heç nəyə nail ola bilməyəcəklər. 90-cı illərin əvvəllərində baş verənlərin indi Azərbaycanda təkrarlanması mümkün deyil. Azərbaycan xalqının bir namizədi var ki, o da ölkə prezidenti İlham Əliyevdir. Azərbaycan xalqının bir yolu var ki, o da İlham Əliyev yolu, Heydər Əliyev siyasi xəttidir. Rəsul Quliyev və onun kimilər yaxşı olar ki, virtual və kiberdünyadan ayrılıb öz tanış-bilişləri, qohum-əqrəbaları vasitəsilə Azərbaycandakı inkişafdan, sabitlikdən xəbər tutsunlar və həqiqətə uyğun olmayan proqnozlar səsləndirməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00