Vitse-spiker İƏT Parlament İttifaqı İcraiyyə Komitəsi üzvlərinə çağırış etdi

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə törədir”

İyulun 19-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı İcraiyyə Komitəsinin 30-cu iclası öz işinə başlayıb. İclası qurumun Baş Katibi Mahmud Erol Kılıç açaraq İƏT-ə üzv ölkələrin əməkdaşlığının vacibliyini qeyd edib. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən baş katib ölkəmizin bu sahədə təcrübəsinin yetərli olduğunu qeyd edib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, müasir dünyada siyasi inkişaf meyllərinin mühüm hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Onun sözlərinə görə, bu proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dərinləşməsinə yol açır. Z.Əsgərov vurğulayıb ki, İƏT çərçivəsində həyata keçirilən işbirliyi qurumun üzvləri arasında siyasi, iqtisadi, humanitar sahədə münasibətlərin daha da dərinləşməsinə kömək göstərir: "Hazırda dünyada mövcud olan siyasi, iqtisadi, ekoloji və bir çox digər problemlərin bir çoxunu ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyil. Digər tərəfdən dünya siyasətində cərəyan edən bir sıra inkişaf meylləri islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır". O, qeyd edib ki, islam dini xalqlarımızı bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdən biridir: "Dinə bağlılıq insanın daxili aləminin saflaşması, cəmiyyətin inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. İslam dini cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanism prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Azərbaycanda islam dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilir. Xalqlarımızın ortaq dəyərləri kimi möhkəm təməl üzərində qurulan işbirliyi bölgənin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq". Z. Əsgərov qeyd edb ki, bu günə qədər həll olunmayan bir sıra problemlər, o cümlədən Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə törədir: "Biz əminik ki, bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgəmizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verərdi". Sonra iclas öz işini jurnalistlərin iştirakı olmadan qapalı şəraitdə davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək iclasın gündəliyinə 11 məsələ daxil edilib. İclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. Müzakirələr islam ölkələri arasında siyasi və iqtisadi əlaqələrin, biznes sahəsində əməkdaşlığın, ətraf mühit, insan hüquqları, ailə və qadın məsələlərini əhatə edəcək. İclasın sonunda birgə kommünikenin imzalanacağı gözlənilir.
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00