İbrahimbəyova qarşı cəbhə genişlənir - SİYASİ ANALİZ
Müsavatın ardınca VHP və qardaşı da Milli Şura sədrinə qarşı çıxdı
19 İyun 2013 16:38 SiyasətMüsavat Partiyasının Milli Şuranın sədri Rüstəm İbrahimbəyova qarşı başladığı kampaniya genişlənir. İbrahimbəyovun "həbs olunmaqdan çəkinirəm və ölkəyə tezliklə dönməyəcəm" bəyanatı Müsavatın əlinə əks-təbliğat fürsəti vermişdi. Ötən şənbə günündən başlayaraq avantaj Müsavatın əlindədir. AXCP rəsmiləri İbrahimbəyov üçün söylədikləri "gəlməsə də olar" dəstək bəyanatlarına baxmayaraq qara piar effektini verir. Müsavat artıq əks-hücumdadır. İsa Qəmbər AXCP sədri Əli Kərimlinin "iki illik müddətə razılaşarsa, İsa bəyi də dəstəkləyə bilərəm" bəyanatından da sui-istifadə edir. Müsavatyönlü mətbuatda, fəal müsavatçıların sosial şəbəkələrdəki statuslarında Əli Kərimlinin Müsavat başqanını dəstəkləyəcəyi, hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun da Müsavat başqanına güzəştə gedəcəyi fikri aşılanır. Bu arada bir sıra fəal üzvləri Milli Şurada təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyası da vahid namizədlə bağlı qərarını açıqlayıb. VHP hesab edir ki, vahid namizəd Milli Şuradan seçilməli, ölkədə olmalıdır. VHP AXCP və Müsavata tövsiyyə edib ki, Əli Kərimli və İsa Qəmbər öz aralarında razılığa gəlsinlər. Onlara razılığa gəlməsələr, VHP "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin namizədliyini dəstəkləyəcək. Mehman Əliyevin namizədliyi hələ ötən il İctimai Palatanın namizədi olaraq hallanırdı. Lakin o zaman partiyalar Mehman bəyin namizədliyinə razılıq vermədilər. Bir sözlə, Mehman Əliyevin namizədliyi keçilmiş mərhələ sayıla bilər. İndi VHP-nin təkrar bu məsələyə qayıtması da maraqlıdır. Görünür, VHP AXCP ilə Müsavatın arasında razılığın olmamasından sui-istifadə etmək qərarına gəlib. VHP-nin vahid namizədlə bağlı mövqeyində daha maraqlı məqam Rüstəm İbrahimbəyovla bağlıdır. Bir müddət öncə Sabir Rüstəmxanlı Milli Şuraya müraciət edərək qurumu parlamentdə təmsil edə biləcəyini açıqlamışdı. Bu gün partiya İbrahimbəyovun namizəd olmasını istəmir. VHP-də hesab edirlər ki, vahid namizəd İbrahimbəyov olsa, müxalifət yenə Rəsul Quliyev sindromunu yaşayacaq. VHP Ziyalılar Forumunun üzvü Rafiq Əliyevi də prezidentliyə namizəd kimi təklif edib. Hesab olunur ki, Rafiq müəllim də vahid namizəd ola bilər. Qeyd edək ki, bir müddət öncə ADP də Rafiq Əliyevin namizədliyini irəli sürmüşdü. Partiya bu gün də hesab edir ki, prezidentliyə namizəd Rafiq Əliyev olmalıdır.
Bu arada Real Hərəkatı da Rüstəm İbrahimbəyovun namizədliyinə qarşı olduğunu bildirib. Realçılar hesab edir ki, prezidentliyə namizəd hansısa partiyaya mənsub olmalı, siyasi təcrübəyə malik olmalı və ölkədə olmalıdır. Real Hərəkatının sosial bazası yoxdur. Ancaq qurum müxalifət təşkilatı olaraq beynəlxalq əlaqələrə malikdir, müxalifət cameəsində də söz sahibidir. Təşkilat üzvlərinin piar imkanları da var. Bu baxımdan Realın dəstəyi İbrahimbəyov üçün lazım idi. Ancaq bu dəstək verilmədi.
Real funksionerləri hesab edir ki, prezidentliyə namizədin partiyası olmalıdır. Əslində bu yanaşma doğrudur. Prezidentliyə namizəd seçki kampaniyası aparacaq, imza toplayacaq. Partiyasız adam üçün bunu etmək çətindir. Realın mövqeyi Müsavat başqanı İsa Qəmbər üçün əlverişlidir. Məntiqlə realçılar Müsavatın namizədini dəstəkləyə bilərlər. Bu arada qardaşı Maqsud İbrahimbəyovun mövqeyi də maraqlıdır. Onun prezident İlham Əliyevi dəstəklədiyini bəyan etməsi müxalifət daxilində Rüstəm İbrahimbəyova qarşı psixoloji basqıları artıracaq. Beləliklə, Rüstəm İbrahimbəyovun potensial rəqiblərinin şansı da artmaqdadır. İndi o vahid namizədlik uğrunda təkcə Müsavat başqanı İsa Qəmbərlə deyil, Rafiq Əliyevlə, Mehman Əliyevlə də mübarizə aparmalıdır.
Ərhun Abbas