“Bu cür qərarlar Avropa Parlamentinin nüfuzuna kölgə salır” - Elman Abdullayev
19 İyun 2013 14:18 SiyasətXarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin qəbul etdiyi "Azərbaycan: İlqar Məmmədov məsələsi" adlı sənədlə bağlı fikirlərini "Olaylar"a bildirib. E.Abdullayev qeyd edib ki, Azərbaycan xalqının insan hüquqları ilə bağlı bir çox problemləri var. Bunlara misal olaraq 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin hər gün hüquqlarının pozulmasının şahidi oluruq. Onlar öz ərazilərinə qayıda bilmirlər. Bu, onların hüquqlarının pozulması deyilmi? Bu barədə Avropa İttifaqı və Avropa Parlamenti heç bir zaman açıq mövqe ortaya qoymayıb. Elman Abdullayev təəssüf hissi ilə bildirib ki, Avropa Parlamentində bəzi dairələr bunu Avropa Parlamentinin adından Azərbaycana təzyiq kimi istifadə etmək istəyirlər. Amma bu cür hərəkətlərə əl atan bir qrup insanlar düşünmürlər ki, Avropa İttifaqının adına ləkə gətirirlər. E.Abdullayevin sözlərinə görə, Avropa Parlamenti digər ölkələrin ərazi bütövlüyü barədə bir sıra fikirlər səsləndirsə də heç bir zaman Azərbaycanın ərazi bütövlüyü barədə açıq şəkildə fikirlər bildirməyib. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir. Ümumiyyətlə, Azərbaycana bu cür vasitələrlə təzyiq etmək mümkün deyil. Çünki Azərbaycan müstəqil bir ölkədir və Avropa İttifaqının bu qədər yaxın müttəfiqi olan Azərbaycana bu cür təzyiqlərin edilməsi qəbuledilməzdir. Insan hüquqları və demokratikləşmə sahəsində Azərbaycan olduqca böyük irəliləyişlər əldə edib və bu gün də proseslər davam edir. Bu inqilab xarakterli bir yoldur, inqilab xarakterli prosesdir. Bu cür proseslərdə hansısa məqamı götürüb təzyiq etmək sadəcə hansısa maraqlara xidmət edir. Burdan belə nəticə çıxır ki, hansısa maraqlar Azərbaycanın adına ləkə gətirmək istəyir, uğurlarına kölgə salmaq istəyir. Amma təbii ki bu, vasitədir, üsul deyil. Azərbaycan özü lazım olan qaydada öz problemlərini həll edə bilir. Həqiqətən də böyük nailiyyətlərimiz var. Nə üçün bu nailiyyətlər haqqında heç nə yazmırlar?
Elman Abdullayev sözlərinə əlavə edib ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir.