“Etibar Məmmədov Milli Şura ilə bağlı heç fikir də bildirməyib”
Elşən Mustafayev: “Ola bilsin ki, regionlarda olan və məsələnin episentrindən uzaqda olan sıravi AMİP üzvləri arasında partiyanın Milli Şuraya daxil olmaması amili ilə bağlı bu cür mübahisələr var”
19 İyun 2013 14:20 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasında (AMİP) Milli Şurada iştirakla bağlı dərin fikir ayrılığı yaranıb. Mətbuata daxil olan məlumatda bildirilir ki, hazırda partiyanın lideri Etibar Məmmədovla sədr Yusif Bağırzadə və bir neçə funksioner arasında ciddi mübahisələr baş qaldırıb. Belə ki, partiya lideri birmənalı qaydada Milli Şurada iştirak etməyin tərəfdarı olmasa da, sədr və funksionerlər özlərini siyasi proseslərdən kənarda saxlamağın əleyhinə çıxaraq, MŞ-a daxil olub, qurumda öz mövcudluqlarını təmin etməkdə təkid edirlər. Məsələyə münasibət bildirən AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə katibi Elşən Mustafayev bildirdi ki, mətbuatda AMİP-lə bağlı yayılan məlumatların heç biri həqiqəti əks etdirmir. Partiya rəhbərliyi daxilində Milli Şura ilə bağlı heç bir qarşıdurma və müzakirələr yoxdur: "Etibar Məmmədov ümumiyyətlə bu məsələlərə qarışmır. Lider birmənalı şəkildə partiyanın idarə edilməsinə müdaxilə etmir və o, müxtəlif qərarların qəbul edilməsini partiya sədrinin öhdəsinə buraxır. Etibar Məmmədov ümumiyyətlə Milli Şura ilə bağlı gedən müzakirələrin heç birisinə qatılmayıb və heç onunla bağlı fikir də bildirməyib. AMİP-in Milli Şurada iştirakı ilə bağlı mətbuatda yayılan məlumatlar sadəcə həmin informasiyanı uyduran jurnalistin təxəyyülünün məhsuludur. Hətta həmin məlumatda mənim digər qəzetə verdiyim açıqlamadan da sitat gətirir. Baxanda da məlum olur ki, mən həmin açıqlamada tamam başqa şeylərdən danışmışam. Mən həmin açıqlamanı öz adımdan yox, rəhbərliyin adından vermişəm. İnformasiyada bildirmişdim ki, AMİP-də Milli Şura ilə bağlı müəyyən suallar yaranıb və bu suallara aydınlıq gətirilməlidir. Həmin suallar aydınlaşdırılarsa, bu məsələyə yenidən qayıtmaq olar. Mənim verdiyi açıqlamadakı fikirlər AMİP-in bütün üzvləri və rəhbərliyi tərəfindən qəbul edilib. Ola bilsin ki, regionlarda olan və məsələnin episentrindən uzaqda olan sıravi AMİP üzvləri arasında partiyanın Milli Şuraya daxil olmaması amili ilə bağlı bu cür mübahisələr var. Amma bu faktor AMİP rəhbərliyi arasında özünü göstərmir". ("OLAYLAR" İA)