“Qərb və İran arasındakı gərginlik Rusiyanın maraqlarına uyğun gəlir” - AÇIQLAMA
Elşən Manafov: “Qərb İranla bağlı mövcud mövqeyindən geri çəkilməsə tərəflər arasındakı münasibətlər yenidən gərginləşəcək”
19 İyun 2013 13:40 Siyasətİranın yeni prezidenti Ayətullah Həsən Ruhani ölkəsini Qərblə qarşı-qarşıya qoyan nüvə proqramı fəaliyyətlərinin davam etdiriləcəyini bildirib. Ruhani bundan sonrakı siyasətinin Qərblə Tehran arasında etimadın bərpa olunması istiqamətində qurulacağını vurğulayıb. "Yaxınlarda "Səkkizliy"in Dublində keçirilən görüşündə Rusiya və ABŞ prezidentləri İranda Həsən Ruhaninin dövlət başçısı seçilməsi ilə bağlı məsələyə münasibət sərgiləyərkən ümidvar olduqlarını bildirdilər ki, hər halda İranın yeni siyasi rəhbərliyi nüvə proqramı ilə bağlı daha konstruktiv mövqe tutacaq və rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı Qərblə əməkdaşlıq edəcək. Amma Həsən Ruhanı seçkilərin səhərisi günü mətbuat konfransında bəyan etdi ki, bütün hallarda İranın uranı zənginləşdirməsi onun suveren dövlət hüququdur. Bundan sonra Qərb İrana sanksiyalar yolu ilə soxulmaq istəyərsə belə o, əvvəlki qayda ilə yoluna davam edəcək". Məsələyə münasibət bildirən politoloq Elşən Manafov belə deyib. E.Manafov hesab edir ki, əslində yalnış təsəvvür idi ki, islahatçı kimi tanınan Həsən Ruhanı prezident seçiləndən sonra tamamilə Qərbin maraqlarına xidmət edən siyasi oyun sərgiləyəcək. Yaddan çıxarmaq lazım deyil ki, Həsən Ruhani Hatəmi iqtidarı dövründə də Qərblə "5+1" formatında danışıqlar aparmışdı. Ruhani həmin dövrdə də İranın milli maraqlarından çıxış edən siyasətçi olub. Ona görə də Ruhaninin nüvə proqramından geri çəkilməsini demək sadəlövhlükdən başqa heç nə deyil. Həsən Ruhani islahatçı olaraq İranın hüquq, məhkəmə, hətta siyasi sistemlərində ciddi islahatların keçirilməsinə ehtiyacın olduğunu bəyan etmişdi. Güman etmək olar ki, Ruhani bu istiqamətdə addımlar atacaq: "İranda hal-hazırda Qərbin sanksiyaları nəticəsində sosial-iqtisadi vəziyyətin bir qədər ağırlaşmasına səbəb olur. Buna görə Ruhani Qərblə o kontekstdə razılığa gəlməlidir ki, İrana qarşı olan sanksiyalar ya yumşaldılsın, ya da ki, aradan qaldırılsın. Ruhani iqtidarı hər halda bunu nəzərə alacaq. Bütün hallarda Qərb sadəcə olaraq İranın uranı zənginləşdirməsi ilə əlaqədar proseslərində şəffaflığın tam mənada təmin ediləcəyi təqdirdə yaxın perspektivdə İİR-in nüvə enerjisindən istifadə etmək hüququnu tanıyacaq. Bu gün Fransa faktiki olaraq enerjiyə olan tələbatının 75%-ni nüvə enerjisindən ödəyirsə, İranı bu hüquqdan məhrum etmək düzgün olmazdı. Qərb ilk növbədə İranı dünyanın "şər üçbucağı"na aid etməkdən də geri çəkilməlidir. Əgər Qərb bu mövqeyindən geri çəkilməyəcəksə, iki tərəf arasındakı gərginlik yenidən yüksələn xətlə arta bilər. Nəzərə almaq lazımdır ki, Qərb və İran arasındakı gərginlik geopolitik baxımdan Rusiya və Çinin maraqlarına cavab verir. Rusiya, Çin və digər dövlətlər ABŞ-ın Yaxın Orta Şərqdə yeni dünya nizamı ilə bağlı geosiyasi layihələrinin əleyhinə çıxırlar. İran da bu məsələdə onlarla əməkdaşlıq edir". ("OLAYLAR" İA)