Barak Obamanın açıqlaması onu göstərir ki...

Cümşüd Nuriyev: “ABŞ İrana hücum etməyəcək və bu amil Rusiyanın maraqlarını da əks etdirir”

ABŞ prezidenti Barak Obama İranda keçirilmiş seçkilərin nəticələri ilə bağlı mövqeyini açıqlayıb. Obamanın sözlərinə görə, İranda seçkilərin son nəticələri nikbinlik doğurur: "Bu, İranın nüvə proqramı ilə bağlı mövcud problemlərin həll olunması üçün aparılan dialoqun dirçəlməsinə gətirə biləcək". Politoloq Cümşüd Nuriyev hesab edir ki, Həsən Ruhani Şotlandiyada təhsil alıb ingilis dillidir və onun prezident seçilməsində Qərb dövlətlərinin dəstəyi hiss olunur. Ruhani prezident seçiləndən bu yana Aİ başda olmaqla bütün Qərb dövlətləri İranda keçirilən seçkilərdə saxtakarlığın olmadığını bildirirlər. C.Nuriyev qeyd etdi ki, Qərb eyni zamanda onu islahatçı kimi qəbul edir: "Nəzərə alsaq ki, Ruhani Şotlandiyada təhsil alıb, demək ortada Qərblə müəyyən razılaşma var. Onsuz da İran kvotaların azaldılmasına görə neft satışından ildə 50 milyard dollar itirir. İranın həmçinin nüvə məsələsində ciddi problemləri var. ABŞ-dakı fars lobbisi o qədər də zəif deyil. Ağ Evə yaxın olan lobbilərdən biri də məhz fars lobbisidir. Vaxtilə şahın özünü də ABŞ hakimiyyətə gətirmişdi. Hətta İranın təhlükəsizlik sistemini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi formalaşdırıb. Bu tarixi və danılmaz bir faktdır. Amerika yenidən iqtisadi maraqlarını bərpa etmək üçün Ruhaninin seçilməsini dəstəkləyir. Çünki, Əhmədinejaddan fərqli olaraq Ruhani Avropada təhsil aldığı üçün Qərb təfəkkürünə malikdir, həm də islahatçıdır. Qərb və ABŞ çalışır ki, Ruhanidən istifadə etməklə yenidən İranın iqtisadi imkanlarına ortaq olsunlar. Hər halda ilkin razılaşmalar var. Obamanın açıqlaması onu göstərir ki, ABŞ İrana hücum etməyəcək. Bu həmçinin Rusiyanın maraqlarına uyğun gəlir. Nəzərə alsaq ki, Rusiyanın ən böyük tərəfdaşlarından biri İrandır, Kreml də çalışacaq ki, məsələ sülh yolu ilə həll olunsun. Obamanın verdiyi açıqlama onun şəxsi mövqeyi deyil. ABŞ dövlətinin strateji maraqlarıdır. Amerikada bütün məsələləri 5 kalon - dərin dövlət həll edir. Obama yalnız həmin kalonun irəli sürdüyü fikirlərə istinad edir. Bu isə o deməkdir ki, Ruhani ABŞ-la münasibətləri isti məcraya yönəldə biləcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00