Surət Hüseynov Arif Hacılının “əsəri” olub

MDHP: “Surət Hüseynovun korpus komandiri təyin edilməsi, sonradan Milli Qəhrəman adına təqdim olunması birbaşa Arif Hacılının təqdimatı ilə baş tutub”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının MDHP sədri, millət vəkili Fərəc Quliyev haqqında söylədiyi fikirlərə qarşı tərəfdən cavab gəlib. "OLAYLAR"-ın xəbərinə görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, Arif Hacılının 4 iyun hadisələri ilə bağlı verdiyi müsahibədə Fərəc Quliyev barədə söylədiyi fikirlər tamamilə cəfəngiyyatdır: " Arif Hacılı iddia edir ki, o dövrün ən ciddi səhvlərindən biri Fərəc Quliyevin rəhbərlik etdiyi İcraiyyə Komitəsinə geniş səlahiyyətlərin verilməsi oldu. Əvvəla İcraiyyə Komitəsinə səlahiyyətlər, Fərəc Quliyev bu vəzifəyə təyin olunandan sonra verilməyib. İkincisi Fərəc Quliyev Elçibəyin seçimi idi, çünki bu vəzifəyə şəxslər Elçibəy tərəfindən təyinatla verilirdi. Arif Hacılıdan fərqli olaraq Fərəc Quliyev heç bir hakimiyyət strukturunda təmsil olunmurdu. Onun hansı hərbi bilik və cəsarətinin olması bir qiyamı yatırmağa kifayət edə bilməzdi. Buna baxmayaraq hər kəs bilir ki, o dövrdə yalnız  Fərəc Quliyevin təşkilatçılığı ilə Surət Hüseynova Bakıdan kənarda- Hacıqabul istiqamətində müqavimət göstərildi. Arif Hacılı isə o dövrdə yalnız bu hadisələrlə bağlı televiziya vasitəsilə qiyamçıları müdafiə etməklə yadda qaldı". MDHP-nin yaydığı açıqlamada o da vurğulanır ki, əslində Surət Hüseynov Arif Hacılının "əsəri" olub. Belə ki, Surət Hüseynovun  korpus komandiri təyin edilməsi, sonradan Milli Qəhrəman adına təqdim olunması birbaşa Arif Hacılının təqdimatı ilə baş tutub. Açıqlamada daha sonra qeyd edilir ki, bu məğlubiyyətin ən ciddi səbəblərindən biri hakimiyyətdə ola-ola hakimiyyəti bölmək- Müsavat Partiyasını yaratmaq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00