Borçalı türkləri Bakıda toplantı keçirdi

Zəlimxan Məmmədli: “Gürcüstanda baş verənlər Azərbaycanda təkrarlansa, müstəqilliyimizə təhlükə yaranacaq”

Bakıda, "Ulduz" sarayında "Borçalı" İctimai Birliyinin V(8)-ci illik konfransı keçirilib. Konfransı folklorşünas alim Elxan Məmmədli açıb. "Borçalı" İC sədri Zəlimxan Məmmədli hesabat məruzə ilə çıxış edib. Z. Məmmədli ötən konfransdan keçən müddət ərzində görülmüş işlərdən danışıb. O, ötən müddət ərzində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin Gürcüstan və Azərbaycanın siyasi gündəminə daşındığını vurğulayıb: "Bizim Borçalı problemini, belə bir toplumu Türkiyə cəmiyyətinə tanıtdıra, onları Borçalı ilə maraqlandıra bildik. Elat mədəniyyəti günləri təşkil etdik. Bəziləri bizi buna görə tənqid elədilər. Amma biz bilirdik ki, elat günlərinin keçirilməsi vacibdir. Elat günləri çərçivəsində keçirilən tədbirlər, yarışlar, etnoqrafik göstərilər bu ənənələrin Borçalı türklərinə mənsub olduğunu, o torpaqlarda minillərdir yaşadığmızı, bundan sonra da var olacağımızı göstərdi". Nüfuzlu beynəlxalq təşkilatların, Türkiyədə yaşayan iş adamlarının Borçalı ilə maraqlandığını deyən təşkilat sədrinin sözlərinə görə, müxtəlif tədbirlərin Borçalıya salınmasında məqsəd bu coğrafiyanın tanıtdırılmasıdır. Z. Məmmədli deyib ki, DAK-ın İdarə Heyətinin növbəti toplantısı Elat mədəniyyəti günlərində Başkeçiddə keçiriləcək. İctimai cəmiyyətin 100-dən çox təşkilatı birləşdirən QHT Alyansına üzv olduğunu deyən Z.Məmmədlinin sözlərinə görə,  bu qurumun da bir toplantısı Borçalıda keçiriləcək. Azərbaycanın qədim torpağı olan Kərküklə əlaqələrin genişləndiyinə diqqət çəkən Z. Məmmədli deyib ki, Kərküklə Borçalı  arasında mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutan idman yarışları və mədəni tədbirlərin təşkili planlaşdırılır. Son günlər Borçalı toplumunu iç siyasətə çəkmək cəhdlərinin olduğunu deyən Zəlimxan bəy bu səhdləri yersi zolduğunu deyib: "Nə qədər ki, mən bu qurumun rəhbəriyəm, bu mümkün olmayacaq.  Bölgədə böyük dövlətlərin oyunları var. Türkiyədə baş verənləri həyəcanla izləyirik. Türkiyə qarışdırmağa, zəif salmağa cəhdlər var. Böyük Orta Doğu projesində bütöv Türkiyə yoxdur. Türkiyəni parçalamağa çalışırlar. İran ordadı, Rusiya xüsusi xidmət orqanları ordadı, İsrail ordadı. İstəyirlər Türkiyə zəif düşsün, Cənubi Qafqazdan çəkilsin. Türkiyə bölgədən çəkilsə, Gürcüstan və Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcək. Ona görə də Türkiyənin tezliklə böhrandan çıxması lazımdır. Bunun yolu isə dialoqdan keçir". Z. Məmmədli Rusiyanın Gürcüstanda oynadığı oyunların təhlükəli oldğunu, bölgə üçün narahatlıq yaratdığını deyib: "Şimalda nə oyunlar gedir, bilirik. Orada iki hakimiyyətlilikdir. Gürcüstanda baş verənlər Azərbaycanda təkrarlansa, milli müstəqilliyimizə təhlükə yaranacaq".

Borçalı çəmiyyətinin sədri bir daha iş adamlarına müraciət edərək onları Gürcüstan Respublikasının turizm üçün əlverişli zonalarına yatırım qoymağa səsləyib. Elat Mədəniyyəti günlərinin, Dədə Camal məclislərinin davam etdiriləcəyini deyən təşkilat sədri gürcüləşdirlmiş yer adları ilə bağlı məsələnin daha kəskin formada qoyulacağını, etiraz aksiyalarını təşkil ediləcəyini bildirib. Borçalı gənclərinin dövlət idarəçiliyinə cəlb edildiyini bidlrinə Z. Məmmədli Savalan Mirzəyevin baş nazir İvanişvilinin müşaviri təyin edilməsini yüksək qiymətləndirib.
Zəlimxan Məmmədlinin hesabat məruzəsi qəbul edilib. Sonra təşkilati məsələyə baxılıb. 15 nəfərlik İdarə Heyətinin tərkibi təsdiq edilib. Sonda bəyanat qəbul edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00