BÜTÜN ZAMANLARIN VƏ DÖVRLƏRİN DAHİSİ

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti,
YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatının sədri    

Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra ötən bir il ərzində əldə etdiklərimiz haqqında fikirlərimi oxucularımızla bölüşmək istəyirəm. 
Əsrlərin sınağından çıxmış ibrətamiz bir fəlsəfi deyim var: "Tarix şəxsiyyəti yetişdirir, şəxsiyyət isə tarix yaradır". Əlahəzrət tarix XX əsrdə xalqımızın taleyinə Heydər Əliyev kimi şəxsiyyət yazdı. O isə həsrətində olduğumuz müstəqil Azərbaycan Respublikasını bizə ərmağan etdi. 
Ulu öndər deyirdi: "Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə". Bəli, elə bu fədakarlıqlar da Azərbaycanın taleyini həll etdi. O qısa bir müddətdə Azərbaycanı düşdüyü uçurumdan qurtardı. Hərbi müxalifətin fəaliyyətinə son qoydu, ölkədəki mərc-mərcliyi ləğv etdi, sabitlik və əmin-amanlıq yaratdı. Elə təkcə bu faktlar tarixdə iz qoymaq üçün yetərli idi. Lakitn ona özünün populyarlığı yox, xalqının, qurduğu dövlətin əbədi müstəqilliyi gərək idi. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır". O, bu fikri necə tez-tez təkrar edirdi. Və yalnız onun belə deməyə haqqı var idi. Çünki Azərbaycan üçün, millətimiz üçün Heydər Əliyevdən daha artıq bir iş görmüş kimsəni təsəvvürə gətirmək mümkünsüzdür. Elm, təhsil, mədəniyyət, incəsəənət, səhiyyə, ümumiyyətlə, sosial sferanın bütün qollarına ayrılıqda yanaşsan görərsən ki, məhz hər bir sahənin inkişafı ümumilli liderimizin adı, nurlu əməlləri ilə bağlıdır. İqtisadiyyatda da belədir, tikinti-quruculuq işlərində də. Xarici siyasətdə də belədir, daxili siyasət sahəsində də. Heydər Əliyev bütün zamanların və dövrlərin dahisidir qənaətini yaradan, möhkəmləndirən də məhz bu amillərdir. Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında da YAP-ın sədri, Prezident İlham Əliyev məhz bu amilləri önə çəkmişdir. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Məhz bu partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. 
Biz o xoşbəxt xalqlardanıq ki, liderimizi təkcə biz yox, bizimlə yanaşı dünyanın bir çox xalqları da sevir və dühası qarşısında baş əyir. Ölkəmizdə həm ulu öndər, həm də onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycannın "regionun lider ölkəsi" statusu təsdiqlənib. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Və bu qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.
Demək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. 
Burada qəbul edilən partiyanın yeni proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Burada "Partiyanın inkişafı və uğurları", "Siyasi dəyərlər və prinsiplər", "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" və "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya" adlı fəsillər və Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı, peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapmışdır. 
Tarixin səhifələrində nəinki iz salmaq, heç onu sadəcə vərəqləmək belə hər adama nəsib olmur. Amma tarixə silinməz iz salmaq ümumilli liderə, onun varisi müzəffər İlham Əliyevə nəsib olmuşdur.  
Son qurultaydan keçən dövr bir daha sübut etdi ki, ölkəmizin sükanı möhkəm əllərdədir. Azərbaycan zamanla yarışır, zamanla ayaqlaşır. Məhz İlham Əliyev canablarının müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər, köklü islahatlar bu günkü güclü Azərbaycanı yaratmışdır. Ulu öndərimiz bu fikrində necə də haqlıdır: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31