“Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib
3 Mart 2022 15:23 Siyasət8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə 3 mart 2022-ci il tarixində "Vəkillikdə qadınlar: dünən, bu gün və sabah" mövzusunda dəyirmi masa təşkil edilib. "Olaylar" xəbər verir ki, dəyirmi masanın keçirilməsində məqsəd qadın vəkillərin cəmiyyətdə, eləcə də həssas qrupların hüquqi yardıma çatımlılığında və məişət zorakılığı qurbanlarının müdafiəsində rolu, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsində qadın vəkillərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və digər məsələlər üzrə Kollegiya və Komitənin əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

Açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova ictimaiyyətin diqqətinin qadınların bu sahədə fəaliyyətinin genişləndirilməsinə yönəltmək baxımından bu kimi tədbirlərin əhəmiyyətli olduğunu qeyd edib. O, vəkillik fəaliyyətinə daha çox qadınların cəlb edilməsi və özlərini mütəxəssis kimi sınaqdan keçirmələri üçün tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. B. Muradova Komitəyə daxil olan sorğularla bağlı işlərdə qadın vəkillərin fəaliyyətinin önəmindən, bu sahədə uğurlu dövlət siyasətindən, ölkə Prezidenti və Birinci vitse-prezidentin qeyd edilən sahələrə xüsusi diqqətindən, o cümlədən məişət zorakılığı və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsində Kollegiya ilə birgə fəaliyyətin davam etdirilməsindən bəhs edib.
Vəkillər Kollegiyanın sədri Anar Bağırov tədbirin Azərbaycan vəkilliyi üçün əhəmiyyətini vurğulayaraq, vəkillikdə gender balansının təmin edilməsinin vacibliyini, bu sahədə görülmüş layihələri, o cümlədən qadınlar arasında vəkilliyə marağın çoxaldığını və son 4 ildə qadın vəkillərin sayının 3 dəfə artmasını diqqətə çatdırıb. A.Bağırov bildirib ki, 10 dekabr 2019-cu il tarixində Komitə, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair imzalanmış Memorandumun icrası çərçivəsində məişət zorakılığının qurbanlarına əvəzsiz hüquqi yardımın göstərilməsi ötən bu dövrdə də Kollegiya tərəfindən təmin edilmişdir.
Sonda tədbir iştirakçılarına Şuşa şəhərində anadan olmuş türk dünyasının ilk qadın vəkili olan Sürəyya Ağaoğlunun xatirələrinə həsr olunmuş və Azərbaycanda dərc edilmiş "Bir ömür belə keçdi" adlı kitab hədiyyə edilib. Konfransda 50-dən çox qadın vəkil iştirak edib.