“ Ukrayna hadisələri dünyanın düzənini dəyişmək gücündədir”
3 Mart 2022 18:39 SiyasətOlaylar.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı münasibətini açıqlayan "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Ukraynada baş verən hadisələr bütün Avrasiya bölgəsində, o cümlədən də Qafqazda, yaxın ərazilər olduğumuz üçün siyasi vəziyyətə, Avropadakı siyasi düzənə müəyyən qədər təsir göstərmək gücünə malikdir. Ümumiyyətlə Ukraynadakı hadisələrin bu gün ən qorxulu ssenarisi, onun yeni-yeni dövlətlərin ona açıq şəkildə müdaxiləsi nəticəsində dünya müharibəsinə çevrilməsi ehtimalıdır. Bu ehtimal o qədər güclü olmasa da, hər halda təhlükə var.
"İndiki şəraitdə Ukrayna hadisələrinə yanaşmalarına aparıcı prinsip beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiqlik mövqeyinə söykənməlidir. Hansı ki, bu gün Türkiyə -Azərbaycan sərgiləyir. Ona görə ki, Ukrayna müharibəsinin Rusiya və NATO-nun arasında geosiyasi qarşıdurmanın təzahürü olduğu şübhə doğurmur. O başqa bir söhbətdir ki, kimin arqumentləri, yəni, NATO-nun, ya da Rusiyanın arqumentləri daha güclüdür. Amma, fakt bundan ibarətdir ki, Ukraynada Ukrayna dövlətinin ərazi bütövlüyünün suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi pozulub. Ukrayna təcavüzə məruz qalıb. Bu da bu gün dünya miqyasında Rusiyanın təklənməsinin ən əsaslı səbəblərindən biridir. Əlbəttə Ukrayna və Rusiya müharibə içərisində olan ölkələr kimi həm də, Azərbaycanla, Qafqaz ölkələri ilə iqtisadi münasibətlərdə olan ölkələrdir. Təbii ki, bu iki ölkədə gedən ağır prosesler Azərbaycanın bu ölkələrlə əlaqələrinə də təsir göstərəcək. Göstərməlidir. Ancaq, Azərbaycanın Ukraynadakı hadisələrə münasibəti, nəzərə alsaq ki, beynəlxalq hüquq normalarına, prinsiplərinə söykənir, bu münasibətdən Azərbaycanın ziyan görəcəyini düşünmək təbii ki, mümkünsüzdür. Çünki, Azərbaycan etməli olduğunu, nəyi etməlidirsə onu edir. Azərbaycan üçün orada hansısa bir dövlətin, tərəfin mənafelərini güdmək yox, beynəlxalq hüquq normaları prinsipinə yanaşaraq, mümkün qədər bu ziddiyətin dinc və az itkilərlə həll olmasına nail olmaqdır.Ukraynada kimin qalib, kimin məğlub olacağı haqqında fikir yürütmək, faydasızdır. Ona görə ki, Ukraynada hər kəsin mövqeyi bəllidir. Daha çox Ukrayna dövlətinin bu gün zahiri təzahürə məruz qalmış bir ölkə kimi görsənsə də, bəllidir ki, Ukraynanın mövqeyi daha perspektivlidir. Çünki, Ukrayna öz haqqı, ərazi bütövlüyü uğrunda mübarizə aparır. Ukrayna təcavüzə məruz qalıb. Aydın məsələdir ki, ən sonda beynəlxalq hüquqa söykənən bu mövqe mütləq şəkildə qalib gələcək. Beynəlxalq hüquqla səsləşməyən hər hansı bir mövqe bu gün həm Ukraynanın əleyhinə olan, həm də Rusiyanın mənafeyinə olan mövqe olduğuna görə təbii ki, perspektivsizdir. Ukraynada baş verən hadisələr bütün Avropada təhlükəsizlik sisteminin yenidən qurulmasına təsir göstərə biləcək bir prosesdir. Ona görə ki, gələcəkdə Avropada qurulması gözlənilən yeni sülh və təhlükəsizlik sistemində təbii ki, Rusiyanın özünün də mövqe tutmaq imkanları və şansları var. Amma, köhnə siyasətlə Avropanın yeni təhlükəsizlik sistemində yer tutmaq Rusiya üçün çox çətin olacaq. Əgər Rusiyada dünyanın, xüsusilə də Avropanın yeni təhlükəsizlik sistemində yer tutmaq istəyirsə, siyasətində dəyişikliklər etməlidir. Çünki, ətraf ölkələrin xarici siyasətdəki müstəqil seçiminə aqressiv və qeyri-tolerant yanaşma Rusiya üçün problemlər yaratmaqdadır. Rusiyanın yeni Avropa düzənin aparıcı dövlətlərindən birinə çevrilmək şansı təbii ki, var, ancaq bu şans o halda reallaşa bilər ki, Rusiyanın özü də xarici siyasətində müəyyən korreksiyalar etsin. Xüsusilə də, keçmiş MDB məkanının həqiqətən müstəqil siyasət aparmaq istəyən ölkələrə münasibətdə dəyişiklik, bu gün təkcə bu dövlətlərə yox, Ukrayna yox, Azərbaycana yox, Pribaltika ölkərinə yox, Qazaxıstana yox, Orta Asiya ölkələrinə yox, bunlarla bərabər daha çox Rusiyanın özünə lazımdır. Çünki, yenilənmiş siyasət, Avropanın yeni təhlükəsizlik sistemində Rusiyanın daha güclü mövqe tuta bilməsinin vacib və həlledici şərtlərindən biridir. Bəllidir ki, Ukrayna hadisələri, dünyanın düzənini dəyişmək gücündədir. Heç şübhəsiz ki, BMT təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin özündə müəyyən dəyişikliklər baş verəcək. Çünki, BMT təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə başqa bir suveren ölkənin ərazisinə müdaxilə edib. Bu əslində BMT-nin təhlükəsizlik sisteminin tam iflası deməkdir. BMT təhlükəsizlik Şurasının qətnamələrinin ardıcıl şəkildə yerinə yetirilmədiyini biz görürük. Bunlar BMT-nin nizamnaməsində də, prinsiplərində, ümumiyyətlə BMT-nin təhlükəsizlik sistemində ciddi dəyişikliklərə ehtiyac olduğunu göstərir. Hansı ki, bunların Ukrayna müharibəsindən sonra reallaşacağı şübhə doğurmur"