Daha çox Ermənistan bu sanksiyalardan əziyyət çəkməlidir
3 Mart 2022 13:38 SiyasətPolitoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, Rusiya- Ukrayna müharibəsi indi bütün dünyanın diqqətindədir. Böyük şəhərlərin bombalanmasına və dağıntıların geniş miqyas almasına baxmayaraq, Ukraynanın müdafiəsi təmin olunur. Burada silahlı qüvvələrlə yanaşı, həm də könüllü batalyonlar formalaşdırılıb. Eyni zamanda Rusiyaya qarşı iqtisadi sanksiyalar da tətbiq olunub. Bu sanksiyaların artıq geniş miqyas aldığını biz görürük. Bu hətta, idman sahəsini də əhatə edib.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, biz gözləmirdik ki, sanksiyaların miqyası bu qədər geniş olacaq və iqtisadi sahədən digər sahələrə də təsir edəcək. Ona görə də, bəzi iddialara görə, Rusiyanın dostları, partnyorları və müttəfiqləri də bu sanksiyalardan əziyyət çəkəcək. Artıq Belarusyanın bu sanksiyalara məruz qalacağı ilə bağlı məsələlər kifayət qədər aktualdır. Bir sıra dövlətlər bu təşəbbüslə çıxış edirlər. Bizim üçün maraqlı odur ki, Azərbaycanla Rusiya arasında da müttəfiqlik bəyannaməsi imzalanıb, bu sanksiyaların Azərbaycana təsiri ola bilərmi? Ötən gün Britaniya parlamentin də ermənipərəst deputat Marqrit Hotz bu xüsusda çıxış etdi. Lakin Britaniya ilə Azərbaycan arasında çox sıx və isti münasibətlər var. Azərbaycanın neft sektoruna, eləcə də karbohidrogen ehtiyatlarının işlədilməsinə Britaniyanın aparıcı şirkəti British Petroleum böyük sərmayələr qoymuşdur. Azərbaycanda olan bütün neft-qaz sektorunda, layihələrdə əsas payçı BP-dir. Bu Bakı-Tbilisi-Ceyhan, Şahdəniz konsorsiyumu, Cənub-qaz dəhlizi, TANAP, Cənubi Qafqaz boru kəməri, alternativ enerji sahəsi və digər sahələri əhatə edir. BP həm də Azərbaycanda elmin, təhsilin inkişafına diqqət ayırır. Kooperativ sosial-məsulliyyət sahəsində də yatırımları var. Ona görə də, düşünmürəm ki, Britaniya parlamenti bu cür addım atar. Gözlənilən də elə düşündüyümüz kimi oldu. Lakin, ermənipərəst dairələrin məhz Azərbaycanla Qərb arasında olan münasibətlərə kölgə salmaq və bu xüsusda fəaliyyət göstərmək niyyətləri açıq-aydın özünü göstərir. Bu sosial şəbəkələr seqmentində də özünü biruzə verir. Ermənistanın özünün susqunluq nümayiş etdirməsi, məhz elə Qərbin Ermənistan iqtisadiyyatına tətbiq oluna biləcək sanksiyalarından irəli gəlir. Çünki, Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var. Ermənistan KTMT, Avrasiya İqtisadi Birliyinin fəal üzvüdür və 102-ci hərbi baza Rusiya silahlı qüvvələrinin cənub hərbi dairəsinə aiddir. Ona görə də, daha çox Ermənistan bu sanksiyalardan əziyyət çəkməlidir. Düşünürəm ki, hazırki vəziyyətdə Ermənistanda baş verən proseslər fonunda Ermənistanın siyasi iqtidarı da daxil olmaqla, iqtisadiyyatın bütün sahələrinə sanksiyalar tətbiq etmək olar"