Rusiya Ukrayna bataqlığına girib- ŞƏRH

Artıq bir həftədir Rusiyanın Ukraynaya qarşı işğalçı hücumu davam etməkdədir. Əvvəlki günlərdən fərqli olaraq Rusiyanın   işğalçı ordusu Ukraynada daha genişmiqyaslı şəkildə işğal prosesini davam etdirmək niyyətindədir. Əlbəttə ki, Ukrayna ordusu və xalqı ciddi dirənc göstərir. Ötən gün Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasında Rusiyanın ciddi itkilər verməsi ilə bağlı bilgilər verildi. Zelenskinin verdiyi açıqlamaya görə, müharibə başlayan gündən Rusiya tərəfi 5 840 hərbçi, ( martın  3-nə  olan  məlumata görə  9 min -red)  30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 kater və 355  avtomobil texnikası itki verib.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətovun sözlərinə görə, Zelenskinin verdiyi açıqlamadan və mediada yayılan məlumatlardan belə qənaətə gəlmək olar ki, Ukraynada təkcə ordu deyil, eyni zamanda xalq da Rusiyanın işğalına qarşı ciddi müqavimət göstərməkdədir: "Yayılan son məlumatlara görə Rusiya Ukraynanın şimal hissəsindən Kiyevə hücuma keçməyə hazırlaşır. Bu məqsədlə Kiyevin şimal və şimal-qərb hissəsindən uzunluğu 64 km olan Rusiya hərbi kalonu şəhərə istiqamətləndirilib. Görünən odur ki, Ukrayna bu kolonun qarşısını almasa, Kiyevdə ciddi toqquşmalar bundan sonra da davam edəcək. Həttə Rusiya tərəfi Kiyevi həm aviazərbələrlə, həm də artileriya və raket atəşləri ilə dağıtmağa çalışır".

Mərkəz rəhbəri qeyd edib ki, Ukrayna da özünün müdaifəsini daha yaxşı təşkil etmək üçün silah alışını davam etdirir: "Ukrayna Müdafiə Nazirliyi açıqlama verərək deyib ki, Türkiyədən yeni Bayraktar TB2 PUA-ları alınıb və döyüşə hazır vəziyyətə gətirilib. Burada digər tərəf Belarusdır. Artıq Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya müharibə elan edib. Bu isə Belarusun tərəf seçməsi deməkdir. Yəni Qərb üçün Belarusa sanksiya tətbiq etmək üçün lazımı fürsət yaranıb. Gözləniləndir ki, sanksiyalar tətbiq edilir. Rusiyanın atdığı addımlardan belə qənaətə gəlmək olar ki, Kremil administrasiyası hücumu davam etdirmək istəyir".

Samir Hümbətov onu da deyib ki, Rusiya-Ukrayna müharibəsi artıq geridönməz yola keçib ki, bu da ciddi fəlakətlərə səbəb ola bilər: "Türkiyə də Rusiya gəmiləri üçün boğazları bağladı. Bu da o deməkdir ki, Rusiya üçün ciddi narahatlıq var. Eyni zamanda Çinin xarici işlər naziri ukraynalı həmkarı ilə telefon danışığı aparıb. Çin üçün Ukrayna müharibəsi ciddi investisiya itkisi və "Bir Kəmər, Bir Yol" layihəsinin təhlükə altına düşməsi deməkdir. Bütün baş verənlər Rusiyanın küncə sıxılmasından xəbər verir. Rusiya bu müharibədə həm nüfuzunu, hım iqtisadiyyatını, həm ordusunu, həm də etibarını itirib. Bu isə dünyada Rusiyaya inamın azalmasına və onunla müttəfiqlik münasibətlərinin daralmasına gətirib çıxaracağını güman etmək olar. Rusiya daxilində də Kremilin addımlarına qarşı ciddi etirazlar artmaqdadır. Bu isə Rusiyaya həm daxildən, həm də xaricdən ciddi təzyiqlərin artması deməkdir. Daxildə daha çox oliqarxiya tərəfindən Kremlə ciddi etiraz olduğu barədə məlumatlar yayılmaqdadır. Fikrimcə, Rusiya artıq Ukrayna bataqlığına girib və onun bu bataqlıqdan çıxması çox çətin məsələdir. Güman ki, bundan sonra da Rusiyaya qarşı həm təzyiqlər, həm də sanksiyalar davam edəcək".

İctimai xadim Əli İbrahimov isə deyir ki, Rusiya hücumu şiddətləndikcə Ukrayna ordusunun dirənişi artır. Onun sözlərinə görə, NATO Ukraynaya rus qoşunlarının yeri və hərəkəti barədə səhih kəşfiyyat məlumatları ötürdüyü üçün ruslar texnika və canlı qüvvə sarıdan daha çox itki verir.

Ukraynaya qarşı müharibənin Moskvanın iqtisadiyyatına çox ciddi zərbə vurduğunu deyən Əli İbrahimov diqqətə çatdırıb ki, Rusiyanın milyardlarla dollar xərclədiyi "Şimal axını 2"nin operatoru "Nord Stream 2 AG" şirkəti müflis elan edilib: "BMW, Ford, Nike, Adidass kimi nəhəng zavodlar Rusiyada istehsalı, məşhur avtomobil markaları və Apple satışları dayandırıb. Ruslar mağazalara qaçıb hətta işlənmiş "İ-Phone"ları belə baha qiymətə alırlar. Visa və Master card sanksiyalara qoşulub. Köhnə kartlar vaxtı bitənədək işləyəcək, yeniləri verilmyəcək".

Əli İbrahimov bildirib ki, neftin bahalaşmasına (110$) baxmayaraq, rus rublu sürətlə dəyər itirir: "Tarixi antirekord 117 rubl = 1 $. Rusiya hökuməti ölkədən 10 min dollardan artıq vəsaitin xaricə göndərilməsinə və aparılmasına qadağa qoyub. Rusiyanın 21 ən varlı şəxsi artıq 84 milyard dollar itirib. "Lukoyl" prezidenti Vahid Ələkbərov isə sərvətinin 60 faizini. Rus oliqarxlar əllərində qalan bahalı yaxta və təyyarələri gizlədirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31