"Rusiya artıq strateji baxımdan uduzub"

Olaylar.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verən politoloq  Nəsimi Məmmədli bildirib ki, Rusiyanın əsas planı NATO-nun Şərqə doğru genişlənməsini dayandırmaqdır. Bu məqsədlə Ukraynanı tamamilə öz hərbi-siyasi nəzarətinə götürmək istəyir. Ukrayna Rusiyanın nəzarətinə keçərsə Şərqi Avropada yerləşən postsovet ölkələrində demokratikləşmə prosesini saxlamaq mümkün olacaq.

"Ukrayna müdafiə qüvvələri müqavimət göstərdikcə, müharibə uzandıqca Rusiyanın siyasi-iqtisadi və hərbi itkiləri sürətlə artır. Rusiya daxilində bu müharibənin ideoloji əsasları xalqın dəstəyini qazanmayıb. Rus xalqı dini və etnik yaxınlığı olan Ukrayna ilə müharibəni yanlış sayır.

Ancaq NATO Ukraynaya birbaşa hərbi müdaxilə edərsə bu, Putin iqtidarının siyasi gücünü artıra bilər. Ona görə də Qərb bu məsələdə hərbi iştirakdan çəkinir və daha üstün strateji imkana sahibdir. Artıq Qərbin Rusiyaya yönəlik sanksiyaları bütün sahələri əhatə edib. Rusiya ordusu Krım da daxil olmaqla bütün Ukrayna ərazisindən çəkilməsə sanksiyalardan imtina olunmayacaq.  Rusiya kiçik taktiki üstünlük qazansa da artıq strateji baxımdan uduzub.

Bu müharibədə Rusiya ilə müttəfiq olan ölkələrə də sanksiyaların tətbiq olunması mümkündür. Çünki artıq bu müharibə iki tərəf arasındakı münaqişə olmaqdan çıxıb və yeni geosiyasi rəqabət məsələsinə çevrilib. Azərbaycan Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalasa da bu, sənəd üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan Ukraynaya qarşı müharibədə Rusiyanın yanında yer almayıb. Belə bir fakt yoxdur. Bundan sonra da alacağı inandırıcı deyil. Hakimiyyət çalışmalıdır ki, bu həssas məqamda ölkənin maraqlarını təhlükəyə atmasın. Beynəlxalq hüquqa istinad edərək Ukraynanın ərazi bütövlüyünə yönələn təhlükələri pisləsin. Eyni zamanda ən böyük qonşumuz olan Rusiya ilə də münasibətlərin normal saxlanmasına nail olmaq vacibdir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31