Oliqarx məmurların Vətən qarşısındakı borcu və qapılarda qalan qazilər...

 Şou-  biznesin  ətəyində  itən  pullar  necə  qazanılır?

Azrəbaycanda bəzi iş adamları və iri məmurların qeyri-qanuni yolla milyonlar əldə etdikləri barədə kifayət qədər məlumatlar dolaşmaqdadır. Hətta dövlət vəsaitinin mənimsənilməsi hesabına əldə edilən milyonların hara və hansı məqsədlə xərclənməsi hər kəsə bəllidir. Azərbaycanın iri məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi də gün kimi aydındır. Məlum məsələdir ki, məmurlar halal əmək haqları ilə illərlə yeyib-içməsələr  belə bu qədər varidatın yüzdəbirinə sahib ola builməzlər. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil. Məsələ orasındadır ki, istər iş adamları, istərsə də məmurlar əksər hallarda miyonlarını dəxli olmayan, xəyallara belə sığmayan  sahələrə xərcləyirlər.  Çox təəssüf ki, həmin məmurların 44 günlük Vətən müharibəsində canını fəda etmiş Vətən oğullarına yardım etmək xəyallarından belə keçmir. Düzdür, müharibə dövründə cəbhəyə, əsgərlərimizə ərzaq yardımı edənlər sırasında imkanlı iş adamları və hətta məmurlar da var idi. Təmənnasız yardım kompaniyasına qoşulan imkanlı şəxslər bəzi hallarda bu xeyirxah əməllərini reklam etməkdən belə çəkinirdilər. Lakin  müharibədən sonra çoxsaylı qazi və şəhid ailələrinə  sanki könüllü yardım ənənəsinə son qoyulub. Dövlət orqanlarının qapısı ağzında hüquqlarını tələb edən, 80 manat üçün gününü itirən qazilərimiz, hətta  hüququnu tələb etməkdən belə utanıb çəkinən müharibə veteranları var ki, sözün həqiqi mənasında onların maddi dəstəyə ehtiyacları var.  Nə yazıq ki, imkanlı şəxslərimiz bunu görməməzliyə vuraraq pullarını hara gəldi səpələyirlər. Hansı ki, qapılar  ağzında  dayanan  həmin şəxslər heç bir təmənna ummadan canlarını Vətənə yolunda qurban veriblər. Harın məmurlar məhz onların sayəsində milyonlar qazanıb at oynadırlar. Düzdür, dövlətimiz istər qazilərə, istərsə də şəhid ailələrinə lazımi dəstək və qayğını göstərir. Amma iş adamlarının və millətin iliyini sümürmüş məmurların bir sosial faydalılıq əmsalı da var.  

Belə imkanlı şəxslərin çoxsaylı dəbdəbəli villalarının, dünyanın ən məhşur firmalaraına məxsus maşınlarının, qızıl, daş-qaşlarının olması adi haldır. Odur ki, bu insanlar məcara axtarışına çıxaraq  bahalı səfərlər, bahalı otellər, şam yeməkləri, saunalar və ən nəhayət qadınlara milyonlar xərcləməkdə xəsislik etmirlər.  Amma hansısa xeyriyyəçi əməllərə, kiminsə ağır xəstəlikdən xilas olmasına  gəldikdə daş atıb baş tuturlar. Xüsusən iş adamları belə fəaliyyətdən kənarda qalaraq, ümumiyyətlə özlərini bu sahədə təsəvvür etmirlər. Baxmayaraq ki, onlar Azərbaycanın sərvətləri, Azərbaycan insanının əməyi hesabına bu mərtəbəyə yüksəliblər, lakin heç bir sosial projedə  təmsil olunmurlar.  Hansı ki, Azərbaycan xalqının Hacı Zeynalabdın Tağıyev, Teymur bəy Aşurbəyov, Murtuza Muxtarov, Hacı Hacıağa Dadaşov, Ağa Musa Nağıyev, Ağabala Quliyev kimi xeyriyyəçilərimiz olub. Nəzərə almaq lazımdır ki, dünyanın zəngin insanları sırasında öndə gedən bizim indiki milyonerlərimizin varidatı heç də adları sadalanan milyonçulardan az deyil. Sadəcə məslək o məslək deyil ki, gəlirindən xeyriyyə məqsədləri üçün istifadə edəsən.  Sirr deyil ki,  Azərbaycanın məmur-oliqarxları öz pullarını bir neçə istiqamətdə yatırıma yönəldirlər. Varlı məmurlar kapitalının bir hissəsini ölkə iqtisadiyyatına, işğaldan azad olunmuş torpaqların dirçəldilməsinə yönəltməyərək, Bakıda və regionlarda, habelə bir sıra xarici ölkələrdə daşınmaz əmlak almağa xərcləyir, qalanını isə xarici banklarda və ya qiymətli kağızlarda saxlamağa üstünlük verirlər. Millət vəkili Cavanşir Feyziyevin xarici banklarda batan milyonları buna bariz nümunədir. Pullarını xarici ölkələrə çıxararaq ofşor şirkətlərə yatıran məmurlarımızın sayı kifayət qədərdir. Qətiyyətlə demək olar ki,  xarici banklarda  üzə çıxan gizli hesablardakı məbləğlər Azərbaycanın bəzi məmur-oliqarxları üçün qəpik-quruş hesab oluna bilər. Heç kimə sirr deyil ki,  uzun müddət vəzifə tutan şəxslərin bəziləri təkcə Bakıda və ya ölkənin səfalı guşələrində tikdirdikləri villaların  mebellərinə milyonlarla dollar xərcləyirlər. Elələri var ki, qarajlarında üst-üstə dəyəri milyonlar edən avtomobillər saxlayırlar. Məsələn, bir müddət öncə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahında 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant aşkar olunmüşdu. Təxminən eyni hal həbs olunmuş MTN-in və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər yüksək rütbəli məmurlarının mənzillərində də təkrar olundu. Bir müddət öncə paytaxtın rayonlarının birinin icra başçısına məxsus bağ evindən 300 milyonluq sərvətin aşkar olunduğu iddia edilirdi. Məlumata görə, mənzildən 3 KAMAZ yükü pul və qızıl əşyalar müsadirə edilib. Təkcə  təmiz qızılın miqdarı 3 tondan çox olub. Təxminən həmin vaxtlarda Mingəçevirdə hakimin mənzilindən qiyməti 8 min manat olan 4 ədəd qızıl boyunbağı, iki ədəd qızıl dəsti, bir ədəd qızıl saat, iki ədəd qolbağı, iki ədəd üzük, bir ədəd bahalı suvenir xəncər və 2500 manat pul oğurlanmışdı. Əslində isə belə faktlar kifayət qədərdir. Məsələ orasındadır ki, qeyri-qanuni yolla əldə edilən vəsait hansısa müğənni, aktrisanın reklamına yönəldilir. Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bir parfümeriya şirkəti məhsullarının reklamı üçün adi bir türk müğənnisinə  bir milyon dollar təklif edib. Xoşbəxtlikdən "müğənni" həmin təklifdən imtina edib. Adama deyərlər, Azrəbaycanda iş qurub külli miqdarda gəlir əldə edən bir şirkətin marağı nədir ki, bu qədər vəsaitin kişik bir hissəsini qazilərimizə deyil, heç bir ada, şöhrətə malik olmayan müğənniyə təklif edir? Olmazmı həmin vəsaitin cüzi bir hissəsini şəhid ailələrinə, kimsəsizlər evinə, fiziki imkanları məhdud uşaqlara xərcləsin? 

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan məmurları və iş adamlarının yerli şou-biznes nümayəndələrinə külli miqdarda pul burxmaları da hər kəsə bəllidir. O da məlumdur ki, Azərbaycan qanunvericiliyinə əsasən məmurlar illik  gəlirləri barədə deklarasiya təqdim etməlidirlər. İş adamları isə gəlirlərinə uyğun olaraq vergiyə cəlb olunmalıdırlar. Azərbaycan hökuməti bir qədər də irəli gedərək  "harınlamış məmurların" pullarına nəzarət etmək məqdəilə  "Banklar haqqında" Qanuna dəyişiklik etməli oldu. Həmin dəyişikliyə əsasən, Azərbaycan məmurları (və ya sadə vətəndaş) xarici banka pul yatırırsa, bu halda mütləq Azərbaycanın dövlət orqanlarını məlumatlandırmalı, məbləğə uyğun vergiyə cəlb edilməlidir. Çox təəssüf ki, sözügedən qanun qəbul edildikdən bu vaxta qədər nə mənurlar gəlir bəyənnaməsi təqdim ediblər, nə də iş adamları şəffaflığın təmin olunması məqsədilə gəlirləri barədə hesabat açıqlayıblar. Əksinə, harınlamış məmurlar və iş adamları külli miqdarda pullarını gizlətmək  üçün daha başqa variantlar axtarmağa start veriblər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tarixən xeyriyyəçilik ənənələri mövcud olub. İmkanlı şəxslər təhsilə, səhiyyəyə, sosial problemlərin həllinə daim dəstək olublar. Amma Azərbaycan tarixində işğal altında olan torpaqların azad edilməsi faktı Qarabağ nümunəsi qədər olmamışdı.Təsəvvür edin ki, otuz il erməni işğalı altında olan torpaqlarımız azad edilir, ancaq imkanlı şəxslər bu yolda canını qurban verən oğullarımıza dəstək olmaq fikrindən vaz keçirlər. Axı bu həm də vicdan, Vətən borcu məsələsidir!!!

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31