Əlbir olub, bir ayı bir şir ilə...

Ovlayırlar dovşanı tədbir ilə... 

Bu dəfə inanmıram hekayənin sonu eyni cür bitsin. "Ayı"ya indi qatil deyənlərə gülməyim gəlir. "Ayı" çoxdanın qatilidir. Biz xalq olaraq ayının siyasətinə çoxdan bələdik. Tankla üzərindən keçilən maşınlar, əliyalın xalqa hücum... Təəssüf ki, tanış səhnələrdir. Hətta onların dövlətçilik siyasəti elə qan, ölüm üzərində qurulub. 
Xeyirlə şərin mübarizəsinə şahid oluruq, əziz soydaşlar!
Deyəcəksiniz, müharibə hara, xeyir hara? 
Mən də deyirəm, axır ki, əsrlər boyu başqa xalqların müqəddəratını həll edən, daha doğrusu, şikəst edən rus  da sanksiyaya, qısnamaya məruz qalarmış... Həm də əgər onlar buna layiq olmasaydı, dünyanı nüvə silahı ilə təhdid edən bir lider çoxdan öz taxtından qovulardı. 
Avropa ilə Rusiya bəlkə də ikinci dünya müharibəsindən sonra ilk dəfə bu cür burun-buruna gəlib. Ümid edirəm bu dəfə burnundan gələr...
21-ci əsrdə hələ də Rusiya öz çar  imperiyası  ənənələrinə sadiq qalır. Təki Rusiyanın əsrlərlə yaşı olan əzəməti, gücü qırılmasın. Bütün dünya məhv olsa da olar. Rusiyanın "istədiyim zaman istədiyim ölkəyə hücum edib, mədəniyyətini, iqtisadiyyatını məhv edərəm" deyirmiş kimi, bütün dünyaya göz dağı vermək çabası başında çatlamasa, biz çatlayacağıq. 
Tarix belə qardaş qırğınına axırıncı dəfə "Çaldıran" döyüşündə şahid olub. Münaqişənin sonunda Rusiyanın məğlubiyyəti ağıllara qazınan əzəmətin qırılacaq olması işin ən xeyirli tərəfi olacaq. Yəni, bir çoxlarına görə xeyirli.
Putinin illər boyu mediaya yansıyan "gizli" məlumatları icazə vermir ki, bu mifdən yaxamızı birdəfəlik qurtaraq. Müharibədən Rusiyanın qalib çıxması, post-povet məkanında yenidən güclənməsi, hegemoniyasının artması deməkdir. Bu ehtimalı görməzdən gəlmək axmaqlıqdır.
Münaqişənin sağçıları, solçuları və neytral qalanları... həəə, bir də tülkü kimi quyruq bulayanları...
 Kadırovu deyirəm. Putinin hər əmrini icra etməyə hazır olan, Ukraynaya  "31 fevral" a qədər vaxt biçən, cahil lider. Güc cahildədirsə, təhlükədir. Simvolu şir olan bir xalqın lideri nəinki, ədaləti bərpa etmir, hətta bütün dünyanı özünə qarşı çıxarır , özündən olanlara nifrət yaradır. Bütün müsəlmanlar qardaşdırsa, biz nə üçün bu qardaşları tanıya bilmirik?!
Demokratiyaya qarşı fobiyası olan, ətrafında güclənən bir dövlətin olmasını əsla istəməyən rus faşizminə qarşı Azərbaycanın tutduğu xarici siyasət təqdirəlayiqdir. 

İndi post-povet regionunda və bütün dünyada  yeni hasarlar hörülür. 
3-cü dünya müharibəsindən bəhs edilən bir dönəmdə bütün insanların gələcəyi artıq insanlığa yox, siyasətə bağlıdır.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31