Britaniyalı deputatın London-Bakı münasibətlərinə zərbə vurmaq cəhdi
3 Mart 2022 10:37 SiyasətZaman-zaman Qərbdə, Avropadakı ayrı-ayrı fərdlər, yaxud qruplar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyərək iç üzlərini açıb, ölkəmizə ədalətsiz mövqe sərgiləyiblər. Bu günlər Rusiya-Ukrayna müharibəsinin getdiyi günlərdə də bunun əyani şahidi olduq. Belə ki, Britaniya parlamentində Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələ müzakirə edilərkən Leyboristlər partiyasının parlamentdəki xanım təmsilçisi Marqaret Hodc xarici işlər naziri Liz Trassa müraciət edərək Azərbaycanı və Qazaxıstanı Putinin səylərinə dəstək verməkdə ittiham edir. Hətta xanım Hodc bir qədər də irəli gedərək Azərbaycana da sanksiya tətbiq edilməsini məqsədəuyğun sayıb.
Britaniyalı parlamentarinin bu mövqeyi Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub və xanım Hodca qarşı etirazlar səsləndirilib. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Britaniya Parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyborist deputat Marqaret Hodcun Azərbaycanı Rusiyaya dəstək verməkdə ittiham etməsi və bu baxımdan bizə qarşı sanksiyaların mümkünlüyünü dilə gətirməsi təəssüf və təəccüb doğurur: "Bilirsiz ki, Azərbaycan beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə sadiqdir, dəfələrlə dövlətlərin beynəlxalq hüquqla tanınan sərhədlərinin toxunulmazlığına tərəfdar olduğumuz ali səviyyədə bəyan olunub. Üstəlik, Ukraynaya dövlət səviyyəsində humanitar yardım edilib, hətta bir neçə gün öncə Ukrayna prezidenti Volodimr Zelenski Azərbaycan Prezidentinə zəng edərək yardım və dəstəyə görə təşəkkürünü bildirib. İndi Ukrayna özü Azərbaycanın sərgilədiyi mövqedən razıdırsa xanım Hodcun rəsmi Bakının Ukraynaya münasibətdə mövqeyini təhrif etməsi nə özünə, nə partiyasına, nə də Britaniya Parlamentinə baş ucalığı gətirmir". Millət vəkili hesab edir ki, deputatın bu qədər məlumatsız olması, yaxud, əgər məlumatlıdırsa, belə qərəzli davranışı onun özünü gülünc duruma salır: "Bilirsiz ki, xanım Hodc 30 ilə yaxındır ki, siyasətdədir, deputatlıqdan öncə 6 dəfə beş fərqli Nazirliyə rəhbərlik edib. Açığı, bu qədər ciddi siyasi yol keçmiş bir şəxsin bilgisizlikdən belə düşüncəsiz bəyanat verdiyini düşünmürəm. Bu Bəyanatın kökündə çox güman ki, hansısa maraqlar dayanır. Xatırlayırsızsa 2008-ci ildə xanım Hodc Mədəniyyət və Turizm naziri olarkən bir qrup Britaniyalı arxeoloq o zaman işğal altında olan ərazilərimizdəki Azıx mağarasında Azərbaycandan icazəsiz qazıntı işləri aparmışdı. O zaman bizim etirazlarımızdan sonra Marqaret Hodc geriyə addım ataraq məsuliyyəti arxeoloqların üzərinə atmışdı. Sadəcə indi bir məqama diqqət etməliyik, Marqaret Hodc Böyük Britaniya demək deyil və bir siyasətçinin sərsəm fikirlərini Britaniya hökumətinin və Parlamentinin mövqeyi kimi qəbul və təqdim etmək olmaz".
xxx
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə hesab edir ki, Britaniya parlamentində Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələ müzakirə edilərkən Leyboristlər partiyasının parlamentdəki xanım təmsilçisi Marqaret Hodcun xarici işlər naziri Liz Trassa müraciət edərək Azərbaycanı və Qazaxıstanı Putinin səylərinə dəstək verməkdə ittiham etməsi və "Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?" deyə nazirə sorğu ünvanlaması həm siyasi naşılıq nümunəsidir, həm də hansısa dairələrin qərəzli sifarişinin yerinə yetirilməsi cəhdidir: "Hərçənd ki, xanım Marqaret Hodc siyasətdə təzə adam deyil. O, kifayət qədər təcrübəli siyasətçidir. Belə bir siyasətçi faktı dəqiqləşdirmədən səsləndirməməli, ictimailəşdirməməlidir. Böyük Britaniya kimi zəngin siyasi ənənələri, çoxəsrlik parlamentarizm tarixi olan bir ölkənin deputatının əsl həqiqətləri gözardı edib, heç bir əsas olmadan Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini gündəmə gətirməsi onun bir siyasətçi kimi qeyri-ciddiliyini göstərir, eyni zamanda siyasi sifariş yerinə yetirdiyini ortaya qoyur. Yoxsa, o, əsl həqiqətləri bu qədər həyasızcasına danmazdı".
MHP sədrinin sözlərinə görə, əsl həqiqət isə bundan ibarətdir ki, Azərbaycan qanlı müharibənin tezliklə dayandırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış edib, Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Həmçinin dövlətimiz tərəfindən Ukraynaya humanitar yardım göstərilib. Bakıdakı Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyasını isə az qala bütün dünya KİV-ləri işıqlandırıb. Əgər Marqaret Hodc bütün bunlardan xəbərsizdirsə, bu bizim günahımız deyil: "Bir ingilis parlamentarisinin bu cür real faktları görmədən, bilmədən ağzına gələni danışması həqiqətən də ayıbdır. Marqaret Hodc kimi məsuliyyətsiz siyasətçilər bu cür qərəzli və yalan ittihamları ortaya atmaqla bütövlükdə Britaniya-Azərbaycan münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Görünən budur ki, M.Hodc öz şəxsi mənafelərini İngiltərənin strateji maraqlarından üstün tutur"
Süleyman