BƏƏ Ukrayna vətəndaşları üçün vizasız rejimi dayandırıb
2 Mart 2022 16:13 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Ukrayna Nazirlər Kabineti ilə BƏƏ hökuməti arasında viza tələblərinin qarşılıqlı ləğvinə dair anlaşma Memorandumunun fəaliyyətini dayandırıb.
Bu barədə martın 2-də Ukraynanın Abu Dabidəki səfirliyi öz Facebook səhifəsində məlumat yayıb .
"2022-ci il martın 1-dən Birləşmiş Ərəb Əmirlikləri Ukrayna Nazirlər Kabineti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında viza tələblərinin qarşılıqlı ləğvinə dair Anlaşma Memorandumunun fəaliyyətini müvəqqəti dayandırır. Bu gün Ukrayna vətəndaşları BƏƏ-yə səfər etmək üçün müvafiq viza almalıdır" - deyə agentliyin bəyanatında deyilir.
Qeyd olunur ki, memorandumun dayandırılması artıq BƏƏ ərazisində olan Ukrayna vətəndaşlarına təsir etməyəcək.
Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildə vizasız rejim haqqında razılığa gəliblər. Müvafiq memorandumu Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum imzalayıblar.