“Rus televiziyalarına az baxın, buradan sağ çıxmayacaqlar…” – Kiyevdə döyüşən azərbaycanlı polkovniklə MÜSAHİBƏ
1 Mart 2022 19:05 SiyasətOlaylar.az bildirir ki, gundem.az saytının suallarını vaxtilə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Ukrayna Ali Radasının Hüquq Siyasəti Komitəsinin əməkdaşı Elxan Nuriyev cavablandırır.

- Elxan bəy, uzun müddətdir, Ukraynada yaşayırsınız və müxtəlif yüksək vəsifələrdə təmsil olunursunuz. Bu mənada Ukraynada nəyin baş verdiyinin daha çox fərqindəsiniz. Ona görə də ilk olaraq soruşmaq istəyirəm ki, Ukraynanın müharibədən yayınmaq imkanları var idimi?
- 1979-cu ildə Ukraynaya oxumağa göndərilmişəm. 43 ildir, bu ölkə ilə sıx əlaqədəyəm. Elmlər Akademiyasında, Tibb Universitetində və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyəndə də Ukrayna ilə əlaqələrim vardı. Soruşursunuz ki, Ukrayna müharibədən qaça bilərdimi? Axı Ukrayna Rusiyaya müharibə elan etməyib, Ukraynaya qarşı müharibə elan edilib. Əgər Rusiyada demokratiya, Avropalaşma, hakimiyyətin demkratik yolla ötürülməsi ənənəsi olsaydı, bu müharibə baş verməyəcəkdi. Ukrayna Avropaya inteqrasiya etdiyi üçün Rusiyanın tarixində müəyyən problemlər yaranır. Çüni "Rusiya" sözü Kiyev-Rus dövləti sözündən götürülüb. Belə başa düşülür ki, Rusiya süni yaradılmış imperiyadır, onun öz köklərilə heç bir əlaqəsi yoxdur. 1300 il bundan öncə Kiyev-Rus dövlətindən qovulanlar Şimalda yerli macar, fin, tatarlarla qarışıb rus xalqı yaratdılar. Rus milləti yoxdur, rus xalqı var. Rusiyada 24 ildir ki, Vladimir Putin adında bir çar var, hakimiyyəti heç kəsə vermir və SSRİ imperiyasını bərpa etmək istəyir. Müharibənin səbəbi budur. Ukrayna müharibə elan etməyib. Rusiya Krımı və sonra Donbası işğal edib. İndi də bütün Ukraynanı işğal etmək istəyir.
- Azərbaycanda və eləcə də dünyada əksər politoloqlar, ekspertlər Rusiyanın Ukraynaya hərbi müdaxilə etməyəcəyini bildirirdilər. Şəxsən siz və Ukraynadakı ekspertlər necə, müharibənin olacağınız gözləyirdilərmi?
- Mən gözləyirdim. Düzdür, müharibənin tarixini bilmirdim, amma hər cür eybəcərliyi gözləyirdim. Mən Ukraynanın kimyəvi silahlara sahib olmasının tərafdarı idim. İndiki rus ordusu II Yekatrinanın dövründəki rus ordusu ilə eyni psoxologiyanı daşıyır. 90-cı illərin əvvəllərində çeçenlərə uduzan rus hərbçilər kəndlərdə balaca oğlanları güllələyirdilər ki, bunlar böyüyüb ataları kimi meşələrdə rusları güllələyəcəklər. Bunlar hərbi peşəkarlığı olmayan, vəhşi ordudur. Hər şeyi sayla götürürlər. 7-ci gündür ki, Ukraynada müharibə gedir. Amma itkiləri Ukraynanın itkilərindən dəfələrlə çoxdur.

- Ukraynadakı mənbələr rus ordusuna ağır zərbələr endirildiyini, onların darmadağın edildiyini bildirsələr də, Rusiyanın ölkənin əsas şəhərlərinə hücumu daha da intensivləşir. Belə olan halda Ukrayna ordusu və əhalisi bu hücumların qarşısında nə vaxta qədər duruş gətirə bilər?
- Biz müharibənin mənəvi tərəfini udmuşuq. Bütün qələbələr, inqilablar insanın beynində baş verir. Biz özümüzü qalib hiss edirik. Heç bir təşviş, heç bir qorxu yoxdur. Burada təxminən 8 milyon insan silah götürməyə hazırdır. Onun artıq 800 min nəfəri silahlanıb. Ərazi müdafiə qərargahları yaradılıb. 3 eşolonlu müdafiə qura bilmişik. Birinci eşalon səngərlərdə olanlardır. İkinci cərgədə xüsusi təyinatlılar, artilleriya, hava hücumundan müdafiə sistemləridir. Üçüncü cərgədə isə partizanlardır, biz buna ərazi müdafiə qərargahları sistemi deyirik. Hər məhəllə, hər bina özünü müdafiə sisteminə malikdir. Buradan bir rus hərbçisi belə sağ geri qayıtmayacaq. Biz müharibə udmuşuq. Mən məsləhət görərdim ki, rus televiziyalarına az baxasınız.
- Sual doğuran məqamlardan biri də Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifliyi ilə bağlıdır. Rus aviasiyasi müharibənin ilk günündə Ukraynadakı hərbi bazaları vurdu və hərbi texnika yüksək sürətlə ölkənin içərilərinə doğru irəlilədi. Bunun qarşısını ilk günlər almaq olardımı?
- Mən bu sualla razı deyiləm. Ukraynanın hava hücumundan müdafiə sistemi Avropada ən qabaqcıl sistemdir. Sadəcə, fevralın 24-də, saat 04.30 radələrində Putin və Şoyqunun əmrilə 3600 kilometr məsafədən Ukrayna ərazisinə 100 dənə ballistik raket eyni zamanda atıldı. İzah edirəm, 100 kilometr Belorus-Ukrayna sərhədidir. 1983 kilometr Rusiya-Ukrayna sərhədidir. Qara dənizi heç saymıram. Krım və Moldovanın Dnestryanı vilayətindən Ukraynaya raketlər atılmışdı. 113 İskəndər raketi təkcə yaşayış məntəqələrinə atılıb. Rusiya öz hərbi potensialının 3/2-ni atıb Ukraynanın üzərinə. Hesab etmirək ki, Rusiya Ukraynada hansısa xüsusi irəliləyişə malikdir.
- Hazırda Ukraynada və sizin olduğunuz Kiyevdə vəziyyət necədir?
- Mən hazırda Kiyev ərazi müdafiə qərargahındayam. Biz nəinki müdafiə olunuruq, hətta burada rus ordusuna ağır zərbələr endiririk. Rusiyanın Ukraynada verdiyi itkilərin yarısı Kiyevin payına düşür. Mən rütbəcə polkovnikəm - kəşfiyyat polkovniki. Ukrayna Zabitlər Birliyi Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədriyəm. Kiyev şəhərinin müdafiəsi elə qurulub ki, şəhərə heç kəs girə bilməz. Kim girsə yandırılacaq.
- Rusiya-Ukrayna arasında atəşkəslə bağlı danışıqları necə qiymətləndirisiniz? Ukrayna Putinin səsləndirdiyi şərtləri qəbul edəcəkmi?
- Rusiya-Ukrayna münasibətlərinin perspektivi yoxdur. Yollar ayrılıb. Artıq Ukrayna xalqı Rusiyanın hər şeyinə nifrət edir. Bu, birmənalı belədir və tam məsuliyyətlə deyirəm. 17 yaşımdan Ukraynadayam. Genetik tərkibim türkdürsə, psixologiyam, həyata baxışım ukraynalıdır. 43 ildir ki, buradayam. Burada 3 universitet oxumuşam. Ukraynanı Azərbaycandan yaxşı tanıyıram. Odur ki, Ukraynanın bundan sonra Rusiya ilə normal münasibətdə olacağını düşünmürəm. Artıq yollar ayrılıb.
- Qərb dövlətlətinin Ukraynaya dəstəyini qaneedici hesab etmək olarmı?
- Qərbin Ukraynaya dəstəyi davam edəcək. Burada svilizasiyalararası toqquşma, müharibə gedir. Biz diktatorların ağalıq etməsinin tərəfdarı deyilik. Biz Avropa İttifaqının, NATO-nun üzvü olmaq istəyirik. Əhalinin 70 faizindən çoxu bunun tərəfdarıdır. Putinin sayəsində Ukrayna cəmiyyəti daha da birləşdi. Bu cəmiyyət özünü sevir və heç kəs ukraynalıları öz yolundan döndərə bilməyəcək.