“ABŞ Suriya da vətəndaş müharibəsinin davam etməsini istəyir”
Vəfa Quluzadə: “ABŞ Suriyaya hərbi müdaxilə etmək fikrində deyil, Ağ Ev ölkədə gedən vətəndaş müharibəsindən tam şəkildə razıdır”
14 İyun 2013 17:00 Siyasət. ABŞ hökuməti Suriyada kimyəvi silahdan istifadə edildiyi barədə ilk dəfə açıqlama verib. Ölkənin Təhlükəsizlik Şurasının rəsmisi Ben Roders mətbuata verdiyi açıqlamada bildirib ki, Ağ Ev Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyi barədə qəti şəkildə bilgilərə sahibdir. Məsələyə münasibət bilirən politoloq Vəfa Quluzadə hesab edir ki, Ağ Evin Əsədin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi ABŞ-ın Suriyaya müdaxiləsi üçün şans deyil: "Çünki, ABŞ Suriyaya hərbi müdaxilə etmək fikrində deyil. ABŞ Suriyada gedən vətəndaş müharibəsindən tam şəkildə razıdır. Çünki, Suriya artıq toparlı bir qüvvə kimi səhnədən düşüb və bir dövlət kimi artıq parçalanıb. Bir hissəsi Əsədin nəzarəti, bir hissəsi "əl-Qaidə"nin, bir hissəsi də müxalifətin əlindədir. Artıq Suriya adlı bir dövlət yoxdur. Ayağı yeriş tutan əhalinin çoxusu qaçıb başqa-başqa dövlətlərdə çadırlarda yaşayır, varlılar köçüblər. Bu gün Suriyanın qaymaqları Ərəb dövlətləri və Avropada yaşayırlar. Ayaq altında qalanlar isə əzilmiş xalqdır. Amerikanın müxalifəti silahlandırması bu müharibənin hələ uzun davam etməsinə səbəb olacaq. Çünki, Qərbin strategiyası bu müharibəni tez qurtarmaqdan ibarət deyil". ("OLAYLAR İA")