Milli Şurada vahid namizəd davası - SİYASİ ŞƏRH
İbrahimbəyovun ehtimal olunan namizədi aranı qatdı
14 İyun 2013 14:21 SiyasətMilli Şuranın prezidentliyə vahid namizədi baş nazirin sabiq müavini Abbas Abbasov olacaq xəbəri müxalifət daxilində narazılıqla qarşılanıb. Doğrudur, xəbər Milli Şura əleyhdarı olan Rauf Arifoğlunun rəhbərlik etdiyi qəzetdə gedib. Amma Rüstəm İbrahimbəyov tərəfindən də təkzib olunmayıb. Hazırda müxalifət düşərgəsində müzakirə olunan mövzu budur. Milli Şuranın namizədi kim olacaq? Müsavat başqanının müavini Gülağa Aslanlı mətbuata açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov öz namizədinin kim olduğu ilə bağlı hələ heç nə deməyib, heç kimin adını çəkməyib. Bu şəxs Mehman Əliyev, Abbas Abbasov və ya başqasımı olacaq, bəlli deyil. Hər halda bu, Rüstəm bəy konkret olaraq ad çəkəndən sonra aydınlaşacaq.
Maraqlıdır ki, onun adını çəkdiyi adamlar arasında bir müddət öncə müxalifətin vahid namizədi ola biləcək şəxs kimi adı hallanan Mehman Əliyev də var.
Gülağa Aslanlı Rauf Arifoğlunun yaydığı xəbəri dolayısı ilə təkzib edib: "Mən bu məsələdə mətbuatda yayılan məlumatları yox, Eldar Namazovun dediklərini əhəmiyyətli sayıram. E.Namazov bildirib ki, Milli Şuranın vahid namizədi qurumun içindən seçiləcək. Qurumdan kənar bir şəxsin namizəd olması ehtimalını ciddi saymıram".
AXCP-nin sözcüsü Natiq Ədilov da Abbas Abbasovun namizəd irəli sürüləcəyini real saymır. Onun fikrincə, Rüstəm İbrahimbəyov Abbasovun namizədliyini irəli sürməz. AXCP sözçüsü, Abbasovun namizədliyini Milli Şuraya təxribat hesab edirsə, deməli partiyası sabiq baş nazir müavininin namizədliynə qarşıdır.
Müsavat başqanı Arif Hacılının açıqlaması daha maraqlıdır. Müsavat yetkilisi deyib ki, Müsavat Partiyası kimi böyük bir təşkilatın da öz namizədi var. Şübhəsiz ki, AXCP-nin də öz namizədi var. Fərd olaraq Rüstəm İbrahimbəyovun da öz namizədi ola bilər. Lakin bütün məsələlər müzakirələrdən keçəcək və vahid namizədin kim olması barədə ümumi qərarlar qəbul olunacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da A.Abbasovun Milli Şuranın namizədi olması ilə bağlı səslənən fikirlərin siyasi reallığa uyğun olmadığını deyib.
Göründüyü kimi Milli Şura daxilində vahid namizəd davası qızışmaqdadır. Belə görünür ki, bu məsələ heç də asan həll olunmayacaq. Bu arada Liberal Partiya İbrahimbəyovun namizədliyini irəli sürüb. Ziyalılar Forumu, El Hərəkatının mövqeyi zatən bəllidir. Onlar da İbrahimbəyovu dəstəkləyəcək. 2005-ci ilin oktyabrındakı situasiyanın yaranmasını arzu edən ACP lideri Rəsul Quliyev də yəqin ki, çoxluğun iradəsinə uyğun olaraq seçimini İbrahimbəyovla edəcək. AXCP lideri Əli Kərimli də mövqeyini açıqlayıb. O aralıq dövrü üçün namizəd olmayacağını bildirib. Qalır iki iddiaçı: Rüstəm İbrahimbəyov və Abbas Abbasov. Müşahidələr göstərir ki, Müsavat daxilindəki Rauf Arifoğlu qrupu İbrahimbəyovun hansısa namizədini dəstəkləməyəcək. Arif Hacılı qanadı isə ümumiyyətlə, İsa Qəmbərdən başqası üçün işləmək niyyətində deyil. Milli Şuranın namizədi Abbas Abbasov olarsa, Müsavatda qiyam qalxacağı şəksizdir! Müstəqillik platformasında olan müsavatçılar İsa Qəmbərdən Milli Şurada təmsilçiliyə son verməyi tələb edəcəklər. İsa Qəmbər yox desə, Müsavatda ara qarışa, parçalanma reallaşa bilər.
Ərhun Abbas