Musa Quliyev müxaifətçilərin ağlına şübhə edir
14 İyun 2013 14:18 SiyasətMən bu müxalifətçiləri, xüsusilə, radikal, uzun illərdi müxalifətdə olan insanları, doğrudan da, anlamıram. Yadınızdadırsa, 1993-cü ilin iyununda Əbülfəz Elçibəy ölkəni, rəhbərliyi, vəzifəsini qoydu, hamıdan xəbərsiz getdi Kələkiyə və oradan dedi ki, mən Kələkidən telefonla ölkəni idarə edəcəyəm. Bu, onlara dərs olmadı, sonra Rəsul Quliyevin Vaşinqtondakı nağıllarına bir xeyli qulaq asdılar və inandılar. İndi isə Rüstəm İbrahimbəyov gah Moskvadan, gah Parisdən, gah Vaşinqtondan zəng vurur, deyir ki, mən sizi oradan idarə edəcəyəm, həm ölkədəki ictimai ab-havanı dəyişəcəyəm, həm də özüm gəlib prezident seçiləcəyəm". Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, bunların belə nağıllara inanmaq yaşı çoxdan keçib: "İndi o dövr deyil ki, kimsə dünyanın o biri başında otursun, desin, dünyanın bu başında mən hərəkat quracağam, bu hərəkata rəhbərlik edəcəyəm və insanlar da, xalq da gəlib mənə səs verəcək. Hansı ki, ömründə bircə gün siyasətlə məşğul olmayan insandır və buna da müxalifətdə, uzun illər siyasətdə olan insanlar həvəslə inanırlarsa, doğrudan da, onların ağlına mən şübhə etməyə başlayıram. Amma bir məsələ də var ki, iki-üç ay bundan qabaq Rüstəm müəllimə dedilər ki, sən niyə Bakıya gəlmirsən? O da dedi ki, Bakıya gəlsəm, məni həbs edəcəklər, ona görə Bakıya gəlmirəm. Əvvəla, səni nəyə görə həbs edəcəklər? Sənin haqqında bir cinayət işi yox, bir istintaq getmir, bir şey yox. İkincisi, səni əgər həbs olunmaqdan qorxursansa, sən nə müxalifətçisən? Sən nə siyasətçisən ki, həbs olunmaqdan qorxursan? Mərhum liderimiz Heydər Əliyev Moskvada SSRİ-nin hələ qılıncının dalı-qabağı kəsən vaxtı, 20 yanvar hadisələrində getdi Azərbaycanın Moskvadakı nümayəndəliyinə və birbaşa Mərkəzi Komitəni, Qorbaçovu, SSRİ rəhbərliyini ittiham etdi. Heydər Əliyev də deyərdi ki, pensiyada olan adamam, tutarlar, güllələyərlər, öldürərlər, getməyim bu işə. Yaxud da, Bakıya gələndə ona neçə dəfə sui-qəsd cəhdləri oldu".