“Özünə hörmət edən bütün dövlətlər Xocalı soyqırımını tanımalıdır” - AÇIQLAMA

Nurəddin Məmmədli: “Bəşəriyyətin gələcək təhlükələrdən qorunmasında Xocalı faciəsinin tanınması və onun cavabdehlərinin cəzalandırılması çox əhəmiyyətli bir rol oynayacaq”

Peru parlamentində Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub. Qərarda bildirilir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib. Qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə bir valideyni qətlə yetirilib. Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Xocalı soyqırımını tanıyan dövlətlərin bir-bir artması Azərbaycan adına təqdirəlayiq haldır. Nurəddin Məmmədli hesab edir ki, bu günə qədər Xocalı qətliamının dünyaya tanıdılmamasının qarşısında müəyyən problemlər və bəlli qüvvələr dayanırdı: "Soyqırıma bu günədək layiqincə qiymətin verilməməsini Azərbaycanın ən böyük uğursuzluqlarından biri kimi qiymətləndirmək olardı. İndən sonra onu tanıyırlarsa, demək ki, bunun özü ölkəmiz üçün müsbət bir keyfiyyətdir. Xocalı soyqırımı elə bir insanlıq qətliamıdır ki, tarix boyu bəşəriyyət beləsini görməyib. Bu digər soyqırım və qətliamlardan da daha faciəlidir, tragedikdir. Xocalı hadisələri dünyada bəşər faciəsi adına böyük təəssüratların formalaşması üçün anoloqu olmayan bir soyqırımdır. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı dünyada ciddi nizam-intizamın mövcud olması dövründə baş verib. Ona görə də hesab edirəm ki, bu faciəni dünyada özünə hörmət edən bütün dövlətlər tanımalıdır. İndən sonra bu istiqamətdə bütün fəaliyyətlər artırılmalıdır. Hamı Xocalı soyqırımını tanımalıdır, çünki bəşəriyyətin gələcək təhlükələrdən qorunmasında Xocalı faciəsinin tanınması və onun cavabdehlərinin cəzalandırılması çox əhəmiyyətli bir rol oynayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00