“Qərb, İsrail və Türkiyə Suriyaya müdaxilə etməlidirlər” - AÇIQLAMA
Elxan Mehdiyev: “Suriya məsələsi də danışıqlar müstəvisinə keçirilsə, problemin həlli uzanacaq”
13 İyun 2013 17:17 Siyasət"Artıq dünya ictimaiyyətində elə təsəvvür yaranıb ki, Bəşər Əsəd Suriyadakı mövqelərini möhkəmləndirib. Rejimin müxaliflərin əlində olan şəhərləri ələ keçirməsi bir sıra dövlətləri ayağa qaldırıb. Digər tərəfdən Rusiyanın Əsədə istiqamətli köməyini artırması Suriyadakı vəziyyəti daha da gərginləşdirib. Kremlin Əsədə S-300-ləri göndərməsinin mənası odur ki, Rusiya heç də Suriya barəsində keçirilməsi nəzərdə tutulan Cenevrə Konfransının məramına uyğun hərəkət etmir". Politoloq Elxan Mehdiyev "OLAYLAR"a açıqlamasında belə deyib. E.Mehdiyev hesab edir ki, Qərb və Türkiyə üçün isə həmin konfrans Bəşər Əsədin hakimiyyətdən getməsini təmin edən plandır. Cenevrə konfransı hələlik Suriyaya qarşı olan qüvvələri bir qədər sakitləşdirib: "Ancaq Bəşər Əsədin artıq geriyə yolu yoxdur, Suriya prezidenti tamamilə legitimliyini itirib. Əsəd ya qaçmağı bacaracaq, ya da ki, daxildə öldürüləcək. Çünki, Əsəd artıq heç bir dövlət tərəfindən Suriya dövlət başçısı kimi tanınmır. Ona qədər rejim devrilməsə və Avropa İttifaqının da qərarı qüvvəyə minəndən sonra Yaxın Şərqdə vəziyyət daha da dramatik hal alacaq. Müdaxilələr olmasa isə qısa müddətdən sonra böyük Suriya xarabalığında Əsəddən başqa heç kimsə qalmayacaq. Vəziyyəti dəyişmək üçün Suriyaya hərbi müdaxilələrin olması mütləqdir. Təsəvvür edin ki, 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan və Azərbaycan arasında danışıqlar aparılır. Amma həmin illər ərzində heç bir nəticə əldə olunmayıb. Suriya məsələsi də danışıqlar müstəvisinə keçirilsə, problemin həlli uzanacaq. Suriyaya hərbi müdaxilə məsələsinin vaxtı çoxdan keçib, bu iş indiyədək həll olunmalı idi. Əsədi devirmək üçün xarici hərbi müdaxilələr lazımdır. Suriyaya hərbi müdaxilə əməliyyatını Qərb dövlətləri, İsrail və Türkiyə öz üzərinə götürməlidir. Rusiya isə bunun qəti şəkildə əleyhinədir. Çünki, Bəşər Əsədin devrilməsi Rusiyanın Yaxın Şərqdəki mövqelərini zərbə altında saxlayacaq. Kreml rəsmiləri də dəfələrlə bəyan ediblər ki, əgər Suriyaya hərbi müdaxilələr olsa, Rusiya həmin müdaxilələrin qarşısında dayanacaq. Qərblə ABŞ-ın Rusiya ilə maraqlarının toqquşması Suriya probleminin həllinin vaxtını uzadır". ("OLAYLAR" İA)