İctimai Palata-Müsavatın ehtiyat variantı

Milli Şuradan çıxacağı halda Müsavat İP-i seçki blokuna çevirəcək

Milli Şuranın yaranması AXCP ilə Müsavat rəqabətini yeni müstəviyə çıxardı. Vahid namizəd məsələsinin həlli İctimai Palata formatında mümkün olmadı. Milli Şuranın yaranması ilə problem də həll olunmadı. Əksinə, iddiaçıların sayı artdı. Amma maraqlıdır ki, AXCP rəsmilərində əvvəlki narahatçılıq yoxdur. Əli Kərimli başda olmaqla, partiya funksionerləri Milli Şuranın yaranmasını alqışlayır, qurumu uzunömürlü birlik kimi xarakterizə edir, hesab edirlər ki, təqdim olunan vahid namizəd qəbul olunmalıdır. AXCP-nin davranışının səbəbi aydındır. Partiya İsa Qəmbərə güzəştə getməyin əzabından qurtulub. Cəbhə "Kim olur-olsun, İsa Qəmbər olmasın" prinsipi ilə hərəkət edir. Milli Şuranın Şimala bağlanması kimi "xırda məsələlər" Əli Kərimlini narahat etmir. (Əslində Milli Şuranın siyasi orientasiyası məsələsi İsa Qəmbərin də umurunda deyil. Qırmızı xətt məsələsi Müsavat başqanına Milli Şuradan çıxmaq üçün alibidən başqa bir şey deyil-müəll.) AXCP və Müsavat o partiyalardandır ki, zamanında "məqsəd vasitə haqq qazandırır" prinsipinə çox əməl ediblər. Bu partiyaların yetkililərindən hansısa ümumi rəhbərliyin mövqeyini ifadə edərək demişdi: "Məqsədə çatmaq üçün şeytanın özü ilə də əməkdaşlıq etmək olar". AXCP Milli Şuraya son ümid yeri kimi baxır. Bütün gücünü Şuranın güclənməsinə sərf edir. Əli Kərimli özünü ehtiyat namizədlər sırasında görür. Hesab edir ki, Rüstəm İbrahimbəyovun namizədliyi alınmasa, Eldar Namazov hamı tərəfindən qəbul olunmayacaq və o zaman AXCP sədri üçün şans açılacaq. 2013-cü il seçkilərində vahid namizəd olmasa belə, AXCP sədri Milli Şuranın güclənməsində maraqlıdır. Şura ona qarşıdakı parlament seçkilərində lazım olacaq. Əli Kərimlinin, Həsən Kərimovun, Fuad Qəhrəmanlının Milli Şuranın perspektivi ilə bağlı nikbin açıqlamaları məhz buna hesablanıb.  

Müsavata gəlincə, bu partiya Milli Şuraya münasibətdə üç qrupa bölünsə də, ümumən Şuraya qarşı sayıla bilər. İsa Qəmbər özü Milli Şuraya müvəqqəti birlik kimi baxır. Arif Hacılı qanadı "Rusiyapərəst" imicindən qorxur. Rauf Arifoğlu qanadı (Pənah Hüseyn, Arzu Səmədbəyli və başqaları) Milli Şuranın tezliklə fiaskoya uğramasını istəyirlər. Heç kimin sezmədiyi şəkildə bu adamların İctimai Palatanı saxlamaları diqqətdən qaçmamalıdır. İctimai Palata Müsavata ehtiyat variant kimi lazımdır. On il sonra 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" blokunu dirçəldib, cırtdan partiyalarla yeni koalisiya quran Müsavat başbilənləri İctimai Palatanı da dirçəldə bilərlər. Bu vairant o halda ola bilər ki,   Müsavat Milli Şuradan ya uzaqlaşdırılacaq, ya da çıxarılacaq.  Müsavat o zaman İctimai Palatanı genişləndirmək haqqında düşünəcək. Müsavatım potensial müttəfiqləri də bəllidir: ADP, Ümid, AMİP və Milli Şuradan kənarda qalmış digər partiyalar. Müsavatın İP-i seçki blokuna çevirməklə nəyə nail olacağı başqa söhbətin mövzusudur. Amma bir şey məlumdur ki, Müsavat Milli Şuradan çıxacağı halda tək qalmayacaq. Bu nöqteyi-nəzərdən Rauf Arifoğlu qrupunun fəaliyyəti Müsavatın maraqlarına xidmət edir.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00